Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları Ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər

10 may 2019

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektiv üzvləri Azərbaycan xalqının Ümummilli liderinin anadan olmasının 96-illiyi münasibətilə Heydər Əliyev Muzeyini ziyarət etmiş, dahi şəxsiyyət Heydər Əliyevin irsini nümayiş etdirən zəngin muzey ekspozisiyası ilə tanış olmuşlar. Heydər Əliyev Mərkəzinin dəstəyi ilə reallaşdırılmış bu təşəbbüs sayəsində Komitədə çalışan mütəxəssislər müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ulu öndəri Heydər Əliyevin həyatı və peşəkar fəaliyyəti ilə yaxından tanış olmaq, onun əziz xatirəsini yad etmək imkanını əldə etdilər. Bununla yanaşı, bu gün qurumun rəhbərliyi və kollektivi tərəfindən Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi.

“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” deyən, Heydər Əliyevin bütün fəaliyyəti xalqla, Azərbaycan dövləti ilə bağlı olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir çox təhlükələr qarşısında qalanda məhz Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində ölkədə köklü dəyişiklikləri həyata keçirmək mümkün oldu. Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, inkişafın Azərbaycan modelini yaratdı. Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz bir insan olan Heydər Əliyevin həyatı gənclər üçün əsl nümunədir.

Heydər Əliyev daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə qürur duyduğu və gələcək nəsillər üçün miras qoyduğu doğma yurdu – Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmağa müvəffəq oldu. Ulu öndər Azərbaycanın adını bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və əbədi olaraq yazdı. Bu gün hər bir tikinti işçisi, layihəçi və memar fərəh duyur ki, Heydər Əliyev kimi memarı olan gözəl bir ölkədə yaşayır, işləyir və çalışır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi və hər bir əməkdaşı Ümumilli liderin siyasətini ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin davamlı və hərtərəfli inkişafına, beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə və Respublikada həyat keyfiyyətinin yüksəlməsinə hədəflənən ali dövləti fəaliyyətinə hər zaman dəstək olaraq, qarşısında qoyulan vəzifələrin ən yüksək səviyyədə yerinə yetirmək üçün bütün səylərini və qüvvəsini səfərbər edəcəkdir. Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcək deyən Heydər Əliyev xalqın yaddaşında öz layiqli yerini tutub, daim qəlblərdə yaşayacaqdır.

FOTOŞƏKİLLƏR




geriyə