KİV nümayəndələri bəzi tikinti obyektlərinin tikintisi və istismarına icazələrin alınmasını sadələşdirən elektron sistemlə yaxından tanış oldular

31 avqust 2019

Avqustun 30-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən KİV nümayəndələri üçün “bir pəncərə” prinsipi ilə işləyən elektron sistemlə tanışlıq məqsədi daşıyan press-tur keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə bəzi tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi sahəsində islahatlarla bağlı 2019-cu ilin II yarımilliyi üçün İcra və Kommunikasiya Planına əsasən təşkil olunmuş press-tur çərçivəsində ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarına icazələrin alınması üzrə elektron sistemin işləmə mezanizmi canlı nümayiş etdirildi.

Bu elektron müraciət sistemi “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə hazırlanmışdır.

21 fevral 2019-cu il tarixindən etibarən istifadəyə verilmiş sistem məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və əlverişli sahibkarlıq mühitinin yaradılması, əlavə vaxt itkisinin qarşısının alınması, həmçinin daha sürətli və şəffaf icra mexanizmini özündə birləşdirərək dövlət xidmətlərindən yararlanan vətəndaşların məmnunluğunun artırılmasına hesablanıb.

Tikinti obyektinin sifarişçisi, hazırda Bakı şəhərini əhatə edən elektron müraciət sistemi vasitəsi ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazəni “bir pəncərə” prinsipi əsasında elektron formada almaq imkanını əldə edir. Belə ki, sifarişçi qeyd olunan sistemdə şəxsi kabinetə daxil olaraq tələb olunan sənədləri elektron formada yükləyərək 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər.

Bu günədək sistemə ekspertizası tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarına icazə ilə bağlı ümumilikdə 42 müraciət daxil olub ki, onlardan 25-i müsbət cavablandırılıb. Bu siyahıda tikintiyə icazə verilməsi bölməsi üzrə 38 müraciətdən 21-i, istismara icazə bölməsi üzrə isə edilmiş 4 müraciət hər biri müsbət cavab alaraq, bu haqda elektron icazə vərəqəsi sifarişçinin şəxsi kabinetinə göndərilib.

Press-tur iştirakçılarına bildirilib ki, dövlət başçsının sözügedən Fərmanına əsasən hazırda sistem vasitəsilə yalnız Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizadan keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti və anbar binalarının layihələri ilə bağlı icazələri almaq mümkündür. Bununla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “bir pəncərə” prinsipi əsasında çalışan elektron sistemin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir və yaxın gələcəkdə bu sistem vasitəsi ilə həm də ekspertizası tələb olunan tikinti obyektlərinin tikintisinə və istismarına icazələri almaq imkanı yaradılacaq. Eyni zamanda, sistemin əhatə dairəsi genişləndirilərək Bakı ilə yanaşı ölkənin digər şəhərlərini də əhatə edəcək ki, hazırda bu istiqamətdə müvafiq yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq təşkil olunub, müvafiq tədbirlər həyata keçirilməkdədir.

Azəbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində ölkədə sahibkarlığın inkişafı üçün yaradılan şərait, bu sahədə təmin olunan islahatlar davam etdirilir və öz müsbət nəticəsini verməkdədir. Bu baxımdan tikintinin planlaşdırılması və təşkili sahəsində biznes mühitinin əlverişliliyinin, dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması yolu ilə səmərəliliyin, hesabatlılığın və şəffaflığın artırılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işində rəhbər tutduğu prioritet məsələlərdəndir. Bu sahədə dövlət siyasətinin uğurla reallaşdırılması, təmin edilən şəffaflıq və yaradılan sağlam mühit beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir ki, ölkəmiz Dünya Bankının “Doing Business 2019” hesabatında “Tikinti üçün icazə alınması” indikatoru üzrə siyahıda 100 pillə irəliləyərək 61-ci yerdə qərarlaşır.

KİV nümayəndələrinə “Bir pəncərə” prinsipi əsasında çalışan elektron sistemə dair prosedurlardan bəhs edən video rolik və sistemin əməliyyatçısı tərəfindən sistemin iş mexanizmi canlı nümayiş olunduqdan sonra jurnalistlərin mövzu ilə bağlı sualları cavablandırıldı.




geriyə