Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Komitəsinin təşəbbüsü və dəstəyi ilə 10 aprel – İnşaatçılar Günü ərəfəsində tikintidə rəqəmsallaşdırma – BİM texnologiyalarına həsr olunmuş beynəlxalq konfrans keçirilib
Komitəsinin təşəbbüsü və dəstəyi ilə 10 aprel – İnşaatçılar Günü ərəfəsində tikintidə rəqəmsallaşdırma – BİM texnologiyalarına həsr olunmuş beynəlxalq konfrans keçirilib

9 aprel tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi və “AZEL Systems” şirkətinin təşkilatçılığı ilə onlayn formatda “BİM texnologioyaları – Layihələndirmə və Tikintidə Rəqəmsallaşdırma” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycanda hər il 10 aprel tarixində geniş qeyd olunan İnşaatçılar Gününə həsr olundu.

Bu onlayn tədbirin əsas məqsədi mülki və sənaye obyektlərin layihələndirilməsi və tikintisinin keyfiyyət və səmərəliliyini artıran yeni BİM texnologiyalarının xüsusiyyətləri və tətbiqi ilə bağlı məlumatlandırılma və təcrübə mübadiləsidir. Konfransda özəl və dövlət layihələndirmə büro və institutları, memarlıq və inşaat şirkətləri, informasiya texnologiyaları, layihələrin idarəolunması və digər sahələrdə ixtisaslaşan təşkilatların nümayəndələri iştirak etdi.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev konfrans iştirakçılarını qarşıdan gələn İnşaatçılar Günü münasibətilə təbrik edərək xüsusi vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tikinti sektorunun inkişafına ayırdığı xüsusi diqqət sayəsində son dövrdə bu sahədə köklü islahatlar aparılmış, ölkədə memarlıq fəaliyyətinin və şəhərsalma proseslərinin planlı və sistemli təşkili, aparıcı dünya standartlarının və müasir texnologiyaların tətbiqi istiqamətində əhəmiyyətli irəliləyişə nail olunmuşdur. O, bildirdi ki, eyni zamanda, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, son bir neçə il ərzində Komitə tərəfindən tikintidə layihələndirmə və icazə prosedurlarının rəqamsallaşdırılması aparılmış, bütün ölkə ərazisini əhatə edən “Bir pəncərə” elektron sistemi hazırlanaraq istifadəyə verilmişdir.

“Şəhərsalma fəaliyyətinin rəqəmsallaşdırılması sahəsində aparıcı dünya təcrübəsinin öyrənilməsi və ölkədə tətbiqi Komitənin müəyyən etdiyi prioritet vəzifələrdəndir. Qlobal miqyasda baş verən rəqəmsal transformasiya – müasir şəhərlərin yaradılması və inkişafı modelinin qaçılmaz dəyişikliyini nəzərdə tutur. Dövrümüzün tələbi – yaşayış səviyyəsinin və həyat keyfiyyətinin, fəaliyyət və xidmətlərin, ərazilərin rəqabət qabiliyyətinin yüksəldilməsinə artan tələbatı qarşılamaqdır. Şəhər mühitinin yaradılmasında müasir yüksək texnologiyalara əsaslanan yeni yanaşmalar dövlət şəhərsalma siyasətinin ayrılmaz bir hissəsidir. Müasir İKT-nin tətbiqi ilk növbədə şəhər mühitinin planlaşdırılması və yaradılmasından başlayaraq şəhər təsərrüfatının idarə olunmasına qədər sahələri əhatə etməldir”, - deyə Komitə sədri vurğuladı.

O, həmçinin qeyd etdi ki, artıq bir sıra Azərbaycan şirkətləri layihələndirmədə yeni texnologiyaların mənimsənilməsi və tətbiqi sahəsində vacib uğurlara nail olublar. İnşaat layihələrində informasiyanın modelləşdirməsi bütün sistemin 3D-modelini yaratmağa imkan verir, bunun sayəsində isə layihəçi və podratçılar ənənəvi iki ölçülü cizgilərlə müqayisədə son nəticənin daha bütöv mənzərəsini əldə edirlər, bu da öz növbəsində vaxt itkisinin qarşısını alır, keyfiyyəti artırır. Anar Quliyev qeyd etdi ki, inşaat sektorunun uzunmüddətli artım dinamikası fonunda rəqəmsal texnologiyaların istifadəsi önəmli rol oynayır və gələcəkdə də təşkil olunacaq bu kimi tədbirlər BİM texnologiyalarının Azərbaycanda daha da dərindən öyrənilməsinə və geniş tətbiqinə şərait yaradacaq.

Tədbirdə çıxış edən “AZEL Systems” şirkətinin baş direktoru İqor Yakovenko məlumat verdi ki, təmsil etdiyi qurum 2013-cü ildən fəaliyyət göstərərək bu gün sənaye obyektlərinin layihələndirilməsi və tikintisinin avtomatlaşdırılması sistemlərinin tətbiqi və rəqamsallaşdırma sahəsində sistem inteqratoru kimi Cənubi Qafqaz ölkələrində liderə çevrilmişdir. O, həmçinin əlavə etdi ki, bu konfransı, iştirakçılara tikintidə rəqəmsallaşdırma sahəsində qabaqcıl dünya texnologiyalarının və innovativ həllərin istehsalçıları ilə birbaşa əlaqə yaratmaq, təcrübə mübadiləsi aparmaq imkanı sayəsində Azərbaycanda inşaat sektorunun inkişafına yeni təkan verə biləcək təşəbbüs kimi qiymətləndirir. Şirkət rəhbəri, onu da vurğuladı ki, BİM layihələrində məhz rəsmi və lisenziyalı məhsulların istifadəsi xüsusi əhəmiyyət kəsb edir və layihələndirmə zamanı modellərin dağılma riskini azaldır və inşaat prosesinin sürətləndirilməsinə xidmət edir.

Daha sonra tədbirin təşkilati partnyorları qismində çıxış etmiş, BİM texnologiyaları üzrə həllərin istehsalında dünya liderləri olan “Autodesk” (ABŞ), “Trimble Tekla (ABŞ)”, “Hexagon Intergraph” (İsveç) və “Bentley  Systems” (ABŞ) şirkətlərinin təmsilçiləri müvafiq proqram təminatlarının imkanları və bu sahədə qlobal trendlər barədə təqdimatlarla çıxış etdi, habelə “SOCAR Foster-Wheeler Engineering”, “PMD Projects” və “BİMD” yerli şirkətlərinin rəhbərləri BİM texnologiyalarının Azərbaycanda tətbiqi təcrübəsi ilə bölüşdü.

Konfrans çərçivəsində mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, bu sahədə perspektivlər və inkişaf istiqamətləri ətrafında müzakirələr təşkil olundu.



Bütün xəbərlər