Bakı insanmərkəzli ağıllı şəhərlər üzrə BMT-nin əsas qlobal görüşünə ev sahibliyi edir
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı, eləcə də ADA Universitetinin dəstəyi ilə Bakıda İnsanyönümlü Ağıllı Şəhərlər üzrə 4-cü Qlobal Ekspert Qrupunun Görüşü (EGM4) keçirilir.
Açılışda çıxış edən Anar Quliyev müzakirələrin mərkəzində şəhərlərin transformasiyasında dayanıqlılıq, rəqəmsal inteqrasiya, şəhər məkanının keyfiyyəti, idarəetmə və planlaşdırmada insan amilinin üstünlüyü kimi əsas prinsiplərin dayandığını bildirib. Bu yanaşmaların həm Azərbaycanın, həm də ölkəmizdən kənardakı şəhərlərin inkişafını formalaşdırmağa xidmət etdiyini deyib.
O, həmçinin Azərbaycanın “İnsanmərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Təlimat”ın hazırlanmasında fəal iştirakını vurğulayıb. 26 ölkədən ekspertlərin, o cümlədən iki azərbaycanlı mütəxəssisin birgə iştirakı ilə hazırlanan sənəd dövlət və bələdiyyə qurumları üçün praktiki alət kimi gələcək rəqəmsal və şəhərsalma siyasətinə istiqamət verəcək.
Ekspertlər iki gün davam edən sessiyalarda Beynəlxalq Təlimatın tətbiqi yollarını müzakirə edirlər. Yekun sənəd 2026-cı ilin may ayında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) təqdim olunacaq.