Azərbaycan “Şuşa” parkı ilə Bolqarıstanda mədəni iz qoyur
Bolqarıstana səfər çərçivəsində fevralın 12-də Komitə sədri Anar Quliyev Veliko Tırnovo şəhərində salınacaq “Şuşa” parkının ərazisi ilə yerində tanış olub.
“Şuşa” parkı layihəsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzdində fəaliyyət göstərən “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb, detallı layihələndirmə işləri isə Komitənin sifarişi əsasında Bolqarıstanın “DAD Studio” LTD şirkəti tərəfindən icra olunub.
Şəhərin mərkəzi hissəsində yerləşən və 1,81 hektar ərazini əhatə edən park şəhər sakinləri və qonaqlar üçün müasir ictimai məkan kimi nəzərdə tutulub. Layihə çərçivəsində funksional zonalaşdırma, piyada zolaqları, istirahət və rekreasiya sahələri, süni su hövzəsi və musiqili fəvvarə planlaşdırılıb. Parkın ərazisində Nizami Gəncəvinin abidəsi, “Şuşa” instalyasiyası, bədii həllində isə xarıbülbül motivləri yer alacaq. Burada yerli iqlim şəraitinə uyğun yaşıllaşdırma və abadlıq işləri görüləcək.
Veliko Tırnovo şəhərində “Şuşa” parkının salınması Azərbaycan ilə Bolqarıstan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, eləcə də milli-mədəni dəyərlərimizin beynəlxalq müstəvidə təşviqinə xidmət edəcək.