BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ADA Universitetində tələbələr ilə görüşüb.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ölkəmizdə gənc nəsil nümayəndələrinin memarlıq və şəhərsalma sahəsində peşəkar kimi formalaşmalarına, həmçinin bu istiqamətdə yeni layihələrin uğurla həyata keçirilməsinə hər zaman diqqət göstərir.
Bu məqsədlə 22 dekabr 2023-cü il tarixində BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimunah Mohd Şərifin Azərbaycana səfəri çərçivəsində Komitənin və ADA Universitetinin təşkilatçılığı ilə ADA, Azərbaycan Memarlıq və İnşaat, habelə Bakı Mühəndislik Universitetlərində şəhərsalma, memarlıq və mühəndislik ixtisasları üzrə təhsil alan tələbələr ilə “Davamlı və dayanıqlı şəhərlərin qurulmasında mövcud problemlər” mövzusu üzrə görüş təşkil edilib.
Tədbiri giriş sözü ilə açan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə davamlı şəhərlərin salınmasında yeni-nəsil mütəxəsisslərin yetişdirilməsinin vacibliyini vurğulayıb.
Tədbir zamanı “UN-Habitat”ın icraçı direktoru Maimunah Mohd Şərif və Komitə sədri Anar Quliyev gənc mütəxəssislərə urbanizm və şəhər mühitinin formalaşmasında müasir yanaşmalar barədə dünya təcrübəsinə dair ətraflı məlumat verdilər, şəhər planlamasının bugünkü dünyada əhəmiyyətini vurğuladılar. Qonaqlar həmçinin ölkəmizlə “UN-Habitat” arasında son illərdə reallaşdırılan birgə layihələr və əməkdaşlıq barədə məlumat verdilər, Bakının 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyinin ölkəmiz üçün önəmli nailiyyət olduğunu qeyd etdilər.
Komitə sədri, eyni zamanda, fəaliyyət sahəsinə uyğun mütəxəssislərin yetişdirilməsi və peşəkarlaşması məsələsinə dövlət səviyyəsində verilən əhəmiyyətdən; memarlıq, şəhərsalma və mühəndislik sahələrində ixtisaslaşan gənclərin peşənin perspektivi və gələcək çağırışlarından söhbət açıb.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən görüşün sonunda tələbələr tərəfindən qonaqlara verilən suallar ətraflı cavablandırılıb.
Bütün xəbərlər