
Qazaxıstanlı tələbələr Azərbaycanın şəhərsalma təcrübəsi ilə tanış olublar
Aprelin 3-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov Qazaxıstanın K.İ.Satpayev adına Milli Tədqiqat Texniki Universitetinin (KazNITU) Memarlıq və İnşaat İnstitutunun magistratura pilləsində təhsil alan tələbələrlə görüşüb.
Sədr müavini tələbələrə Azərbaycanda müasir şəhərsalma və memarlıq istiqamətlərindən, ölkədə həyata keçirilən tikinti və infrastruktur layihələrindən və “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə görülən genişmiqyaslı işlərdən danışıb.
Maraqlı diskussiya şəraitində keçən görüşdə tələbələr şəhərsalmada innovativ yanaşmalar, rəqəmsal texnologiyalar, habelə dayanıqlı ekoloji həllərin tətbiqi prinsiplərinə maraq göstəriblər.
Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU ilə KazNITU-nun əməkdaşlığı çərçivəsində ölkəmizdə təcrübə keçən tələbələr Azərbaycanda bu sahədə praktiki biliklərə yiyələnmək, həmçinin müvafiq dövlət qurumlarının fəaliyyəti ilə tanış olmaq imkanı qazanıblar.
Bütün xəbərlər