Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Təməli qoyulan Soltanlı kəndinin Baş plan layihəsi
Təməli qoyulan Soltanlı kəndinin Baş plan layihəsi

Layihə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən “KESZ” şirkətlər qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Layihələndirilən Soltanlı kəndi Araz çayının sahilində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. Beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Əhmədbəyli – Horadiz – Mincivan – Ağbənd avtomobil yolu kəndin şimal hissəsinə bitişik ərazidən keçir. Həmçinin, ”Araz Vadisi İqtisadi Zonası“ Sənaye Parkı Soltanlının yaxınlığında yerləşir. Qeyd olunanlarla yanaşı, mövcud olmuş məskunlaşma ərazisini formalaşdıran kənd yolları, sel sularının axıb keçdiyi dərə plan quruluşunun təşkilinə təsir edən amillərdir.

Ümumi sahəsi 398.82 hektar olan  və 6100  nəfərdən ibarət 1525 ailənin yaşayacağı proqnozlaşdırılan bu məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Burada ümumilikdə 496 fərdi yaşayış evinin tikintisi təklif olunur. Bununla yanaşı, kənddə 1044 mənzildən ibarət 4 və 5 mərtəbəli çoxmənzilli yaşayış binaları da yerləşdirilib.

Həmçinin, kənd ərazisində inzibati bina, klub-icma mərkəzi, məktəb binası, bağça, xəstəxana, idman-sağlamlıq mərkəzi, hotel, ticarət və ictimai-iaşə obyektlərinin inşası planlaşdırılıb. Burada tikintisi nəzərdə tutulan yaşayış evləri və sosial obyektlərin memarlıq-planlaşdırma və mühəndis-texnoloji həllərində “ağıllı kənd” yanaşmaları tətbiq olunacaq.

Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə baş planda kənd təsərrüfatı məhsullarının saxlanma anbarları, qablaşdırma və toxuculuq sexi, sənətkarlıq emalatxanaları, iri və xırda buynuzlu heyvanların saxlandığı fermalar və digər müəssisələr üçün ərazilər nəzərdə tutulub.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən Soltanlı kəndinin yenidən qurulması mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə kəndə qayıdacaq 1336 sakinin yaşayışını təmin etmək məqsədilə 315 fərdi ev 78 hektar ərazidə tikiləcək.

Kəndin təqdim edilmiş layihə təklifindəki yaşayış və ictimai binaların memarlıq həlləri onun təkrarsız və özünəməxsus simasını formalaşdıracaq. Tətbiq edilmiş memarlıq üslubları, rəng koloriti, istifadə olunan materiallar, ahəngdarlıq, milli motivlər bütövlükdə əlaqəli və tamamlanmış ictimai və yaşayış məkanlarının yaranmasını təmin edəcək.



Bütün xəbərlər