Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılışı olub
Dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə sentyabrın 29-dan etibarən ölkəmizdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində “Şəhərsalma Həftəsi 2023” keçirilir.
Həftəyə Ermənistanın 30 illik işğalından azad edilən Zəngilanda təşkil edilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun (NUFA2) açılış mərasimi ilə başlanılıb.
Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. Dövlət başçısı mərasimdəki çıxışında işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə və keçirilən tədbirin bu prosesdə əhəmiyyətinə diqqət çəkib. 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsinin müsbət addım olduğunu vurğulayan Prezident İlham Əliyev ötən il Ağdam şəhərində 1-ci Forumun uğurla təşkil edildiyini diqqətə çatdırılıb. Zəngilanda açılışı olan builki Foruma ümumilikdə 400 iştirakçının qatıldığını bildiriən dövlətimizin başçısı, bunu işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa etmək üçün dostluğun, birgə marağın təzahürü kimi dəyərləndirib.
Azərbaycan Prezidenti bu gün bütün Qarabağ kimi, Şərqi Zəngəzurun da yenidən inşa olunduğunu qeyd edib. Artıq keçmiş məcburi köçkünlərin dönüşü ilə Zəngilanın Ağalı “ağıllı” kəndinə həyat qayıtdığını, orada sakinlərin xoşbəxt yaşadığını vurğulayıb.
Zəngilanı mühüm nəqliyyat qovşağı hesab etdiyini deyən dövlətimizin başçısı bildirib ki, Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm amildir. Ölkə Prezidenti meşələri, çayları, gölləri ilə misilsiz ekosistemə malik olan bu bölgəni Azərbaycanın ən gözəl diyarlarından, ən böyük sərvətlərindən biri kimi qiymətləndirib.
İşğal altında olmuş torpaqlarda 67 məsciddən 65-nin məhv edildiyini, ikisinin isə yarı dağılmış vəziyyətdə olduğunu söyləyən dövlətimizin başçısı bunu Azərbaycana qarşı urbisid və kultursidin təzahürü kimi dəyərləndirib, Zəngilanda artıq böyük bir məktəbin inşa edildiyini, məscidin isə inşasının yekunlaşma üzrə olduğunu diqqətə çatdırıb.
Çıxışında, həmçinin Böyük Qayıdış Proqramına toxunan Prezident İlham Əliyev həmin Proqramın azad edilmiş bütün ərazilərin bərpasını əhatə etdiyini vurğulayıb. Qeyd olunub ki, indiyədək 8 şəhər və 92 kəndin Baş planı təsdiqlənib və 30 kəndin təməli qoyulub.
Qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, iri həcmli yaşayış layihələrinin həyata keçiriləcəyini xatırladan dövlətimizin başçısı deyib ki, bu, bizim Proqramın tərkib hissəsidir.
Artıq 2300 keçmiş məcburi köçkünün evlərinə qayıtdığını və ilin sonuna qədər onların sayının 5500-ə çatdırılacağını deyən Prezident İlham Əliyev əlavə edib: “...Bu gün biz şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu, ilk növbədə, onu göstərir ki, Azərbaycan xalqı öz vətəninə nə dərəcədə bağlıdır. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər”.
Ölkə Prezidenti məlumat verib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq.
Azərbaycanın bu işləri öz vəsaiti hesabına həyata keçirdiyini, heç bir maliyyə yardımı almadığını qeyd edən dövlətimizin başçısı işğaldan azad olunan ərazilərdə Özbəkistanın orta məktəb, Qazaxıstanın isə yaradıcılıq mərkəzi inşa etdiyini xatırladıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru xanım Maimuna Mohd Şərif çıxış ediblər. Çıxışlarda bu il Zəngilan və Bakı şəhərlərində keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunun dünyada və ölkəmizdə gedən urbanizasiya proseslərinin müzakirəsi üçün uğurlu platforma olduğu vurğulanıb.
Müxtəlif çağırış və qeyri-müəyyənliklər qarşısında iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyaların müzakirəsi, fikir mübadiləsi və əməkdaşlıq üçün müxtəlif maraqlı tərəfləri, ekspertləri, siyasətçiləri və icmaları bir araya gətirən Forumun açılış mərasimindən sonra tədbir müxtəlif mövzularda sessiyalarla davam edib. Əvvəlcə “Birgə yenidənqurma - regional dayanıqlılıq və davamlı inkişaf üçün əməkdaşlıq imkanları” adlı xüsusi sessiya təşkil olunub. Sonra “Dayanıqlı və davamlı inkişaf: strategiyalar, fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları” adlı birinci sessiyada yenidənqurma - azad edilmiş ərazilərin reabilitasiya strategiyaları, birgə hərəkət, əlaqələndirmə və regional iqtisadi inkişaf üçün nəqliyyatın imkanlarının gücləndirilməsi, rifah və sülh üçün körpülər qurmaq, münaqişələrin həllində və şəhərsalmanın inkişafında beynəlxalq əməkdaşlığın rolu kimi məsələlər müzakirə edilib.
“Viranlıqdan dayanıqlığa: parlaq gələcəyə aparan yol” adlı ikinci sessiyada gizli təhlükə ilə mübarizə - minalarla çirklənmə və onun dayanıqlı inkişafa təsiri, regional mərkəzlərin dirçəlişi, Qarabağda əməkdaşlıq imkanlarından söhbət açılıb, Zəngilan şəhərinin Baş planı ilə tanışlıq olub.
Sonda “ağıllı” Ağalı kəndinə səfər edən forum iştirakçıları sakinlərlə görüşüblər, ağacəkmə aksiyasında iştirak ediblər. Həmçinin Zəngilanda sürətlə aparılan yenidənqurma layihələri ilə tanışlıq olub.
Qeyd edək ki, NUFA2-nin növbəti sessiyaları paytaxt Bakı şəhərində təşkil olunacaq və oktyabrın 1-də yekunlaşacaq. Oktyabrın 2-də isə paytaxtımız ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək. Həmin gün nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu altında əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparacaqlar.
Bütün xəbərlər