Noyabrın 20-də COP29 çərçivəsində şəhərsalma və iqlim tədbirlərinin inteqrasiyasına həsr olunmuş nazirlər görüşü baş tutub.
Tədbir Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) və yüksək səviyyəli nümayəndələrinin tərəfdaşlığı ilə təşkil edilib.
Tədbiri giriş nitqi ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev qlobal iqlim çağırışlarının həllində çoxtərəfli və çoxsəviyyəli yanaşmaların vacibliyini vurğulayıb.
“Azərbaycan üçün bu tədbir xüsusilə əhəmiyyətlidir, çünki biz şəhərlərin ümumi gələcəyimizin formalaşmasında mühüm rolunu qəbul edirik. Azərbaycan çoxtərəfli və çoxsəviyyəli əməkdaşlığı iqlim çağırışlarının öhdəsindən gələ bilməkdə ən vacib amil hesab edir”, – deyə Anar Quliyev bildirib.
Daha sonra çıxış edən UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rozbax sürətli urbanizasiyanın ətraf mühitə yaratdığı təhdidlərdən danışıb. "Gələcək 20 il ərzində dünya əhalisi 2,4 milyard nəfər artacaq və təbii olaraq onların mənzil ehtiyacları yaranacaq. Bu baxımdan şəhər kənarlarının planlaşdırılmamış genişləndirilməsi bioloji müxtəlifliyə, ətraf mühitə, ərzaq təhlükəsizliyinə, eləcə də sosial parçalanmaya təhdid yaradır”, - deyə Anaklaudiya Rozbax vurğulayıb.
Tədbirdə “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” (MAP) təşəbbüsünün təqdimatı olub.
MAP təşəbbüsü əvvəlki iqlim təşəbbüsləri olan SURGe və CHAMP-ın ən yaxşı təcrübələrini birləşdirərək, davamlı şəhərsalma sahəsində bütöv yanaşma təqdim edir.
Bundan əlavə, COP-lar və Ümumdünya ŞəhərsalmaForumları arasında sinerji yaratmaq üçün nəzərdə tutulmuş yeni təşəbbüs olan Bakı Davamlılıq Koalisiyası təsis edilib. Misir, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və UN-Habitat ilə müvafiq niyyət sənədinin imzalanması innovasiyalar, əməkdaşlıq və iqlim fəaliyyətinə xüsusi diqqət yetirməklə şəhərlərin gələcəyini formalaşdırmaq üçün ortaq öhdəliyi vurğulayan vacib bir mesaj verir.
All news