Şabran şəhərinin Baş planı yeniləndi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Şabran şəhərinin Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2022-ci il tarixli müvafiq qərarı ilə təsdiq edilib. Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış Şabran şəhərinin sayca üçüncü Baş planı 2038-ci ilə qədərki dövrü əhatə edəcək. Yeni ərazi planlaşdırılması sənədində şəhər ərazisinin zonalaşdırılması zamanı prioritet inkişaf istiqamətləri öz əksini tapıb.
Baş plana əsasən hesabat müddətinin sonuna qədər şəhər əhalisinin artaraq 34500 nəfərə çatması gözlənilir. Əhalinin artım səviyyəsinə əsasən rahat həyat şəraitinin təmin edilməsi üçün müasir yaşayış komplekslərinin inşası, mövcud şəhər infrastrukturunun təkmilləşdirilməsi və adambaşına düşən ümumi yaşayış sahəsinin 18,8 m2-dən 25 m2-ədək artırılması nəzərdə tutulur. Həmçinin iqtisadi imkanların genişləndirilməsi və sakinlərin məşğulluğunun təmin edilməsi üçün sənaye ərazilərinin yenidənqurulması, ictimai-işgüzar zonaların yaradılması planlaşdırılır. Eyni zamanda yaşayış rayonlarında əhalinin mədəni, sosial tələbatının ödənilməsi məqsədi ilə ictimai mərkəzlərin formalaşdırılması, məktəb və bağçaların inşası, məhəllə parklarının salınması təklif edilir.
Sənəddə şəhərin nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin inkişafı, eləcə də ətraf mühitin sağlamlaşdırılması məsələləri də əsas məqsədlərdəndir. Belə ki, Baş plan çərçivəsində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 5,68 km-dən 13,41 km-ə çatdırılması, yeni körpülərin salınması, yaşayış və sənaye zonalarının ətrafında yaşıl dəhlizlərin yaradılması planlaşdırılır.
All news