Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Azərbaycanın 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməsinə dair Sazişin...
Azərbaycanın 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimi keçirilib
Azərbaycanın 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimi keçirilib

Azərbaycanın 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimi keçirilib 

 

Dekabrın 22-də Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (“WUF13”) ev sahibliyi etməsinə dair Saziş imzalanıb. Sazişi Azərbaycan Hökuməti adından Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) icraçı direktoru xanım Maimunah Mohd Şərif imzalayıblar. 

 

İmzalanma mərasimində açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mühüm və qlobal xarakterli tədbir olan Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə məhz Bakıda keçirilməsinin Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar və genişmiqyaslı layihələr, habelə ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasının bariz nümunəsi olduğunu bildirib. Həmçinin Ümumdünya Şəhərsalma Forumu və COP29 kimi nəhəng tədbirlərin Azərbaycanda keçirilməsindən böyük məmnunluq duyduğunu qeyd edib. 

 

Daha sonra Komitə sədri Anar Quliyev son illər ərzində paytaxtımızda və Azərbaycanın digər bölgələrində şəhərsalma istiqamətində ən qabaqcıl müasir standartların tətbiq edilməsi ilə davamlı inkişafın təmin edildiyini, bu sahədə irimiqyaslı layihələr və Ümumdünya Şəhərsalma Forumunun həyata keçirilməsinin ölkəmizin beynəlxalq səviyyədə aparıcı mövqelərdə qərarlaşmasının daha bir göstəricisi olduğunu qeyd edib. Komitə sədri eyni zamanda Foruma ev sahibliyi etmək imkanının Azərbaycanın öz nailiyyətlərini və davamlı şəhər inkişafının təşviqi və həyata keçirilməsində rolunu bir daha nümayiş etdirmək, həmçinin bilik və təcrübə mübadiləsi üçün əhəmiyyətli bir fürsət olacağını vurğulayıb. Eyni zamanda, Komitənin BMT-nin Məskunlaşma Proqramı ilə birlikdə keçirilən birgə layihələri, Azərbaycanlı mütəxəssislərin “UN-Habitat” tərəfindən yaradılan Ekspertlər Qrupunda ilk dəfə təmsil edilməkləri və bunun əhəmiyyəti, bununla qurumlar arasında münasibətlərin daha da genişləndirilməsi məsələsinə toxunulmuşdur.
 

Daha sonra çıxış edən xanım Şərif isə ilk olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə şəhərsalma sahəsinin inkişafına verdiyi töhfələrə və Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirdiyinə görə öz dərin təşəkkürlərini bildirib, iki böyük tədbirə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı təbriklərini çatdırıb. Eyni zamanda BMT-nin Məskunlaşma Proqramının ölkəmiz ilə səmərəli əməkdaşlıq etdiyini, bu çərçivədə şəhərsalma məsələləri üzrə birgə layihələrin uğurla həyata keçirildiyini qeyd edib, böyük məmnuniyyətlə artıq iki dəfə “UN-Habitat” dəstəyi ilə keçirilən Milli Şəhərsalma Forumunun, habelə bu il Bakıda baş tutan Dünya Məskunlaşma Gününün böyük bir regional səviyyəli fikir və təcrübə mübadiləsi platformasına çevrildiyini qeyd edib.

 

Mərasimdə həmçinin BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva, Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəsi Sultan Hacıyev çıxış ediblər. 

 

BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən forum urbanizasiyanın bütün aspektləri ilə məşğul olan minlərlə iştirakçıya şəhərlərin necə qurulduğu, planlaşdırıldığı və idarə edildiyi barədə təcrübə və biliklərini bölüşmək imkanı verir. 

 

Regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacaq “WUF13” çoxşaxəli müxtəlif istiqamətlərdə bir çox alt tədbirlərdən ibarət olmaqla, şəhər ərazilərinin çağırışlarına cavab vermək üçün yeni tərəfdaşlıqlara və yeni fəaliyyətlərə səbəb olacaqdır. Tədbir çərçivəsində həm Azərbaycan, həm də xarici ölkələrdən maraqlı tərəflər – dövlət rəsmiləri, QHT-lər, bu sahədə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər, özəl sektor nümayəndələri bir araya gələcək, geniş fikir mübadiləsi apararaq yeni bilik və təcrübə ilə paylaşmaq imkanını əldə edəcəklər. 

 

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu 2022-ci ildə “Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək” mövzusu altında Polşanın Katovitse şəhərində (“WUF11”) baş tutub. Daha öncə müxtəlif illərdə Forum Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur və bir sıra digər şəhərlərdə təşkil edilərək, bir tədbirə 23 min nəfərə qədər iştirakçı cəlb edilib. Növbəti Forum (“WUF12”) 2024-cü il noyabrın 4-dən 8-dək Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək.



All news