Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrup yaradılıb
Baş nazir Əli Əsədovun 15 sentyabr 2025-ci il tarixli 578s nömrəli Sərəncamı ilə Bakı şəhərində dayanıqlı və inklüziv şəhər inkişafını təmin edən müasir şəhərsalma təşəbbüslərinə, o cümlədən çoxmərkəzli şəhər və şəhər içində şəhər konsepsiyalarına əsaslanan layihələrə investisiyaların cəlb edilməsi, bu növ layihələrin həyata keçirilməsi niyyətini bildirmiş investorlara layihələrin reallaşdırılmasına aidiyyəti dövlət orqanları tərəfindən dəstək göstərilməsi və onun müvafiq institusional çərçivə vasitəsilə əlaqələndirilməsi məqsədilə İşçi qrup yaradılıb.
Baş nazirin müavini Samir Şərifov İşçi qrupun rəhbəri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev rəhbər müavinləri təyin ediliblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” Bakının müasir şəhərsalma prinsipləri əsasında daha da inkişaf etdirilməsini, rahat və inklüziv yaşayış mühitinin yaradılmasını, sosial və mədəni həyatın inkişafına xidmət edən məkanların formalaşdırılmasını nəzərdə tutur.
Ətraflı: Nazirlər Kabineti