Bakıda WUF13-ə hazırlıqla bağlı diplomatik korpus üçün məlumatlandırma sessiyası keçirilib
Noyabrın 17-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün məlumatlandırma sessiyası təşkil olunub. Hibrid formatda keçirilən interaktiv tədbirdə ümumilikdə 100-ə yaxın diplomat iştirak edib.
Sessiyanın əsas məqsədi 2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək WUF13-ün mahiyyəti, hazırlıq prosesi, planlaşdırılan tədbirlər, tematik dialoqlar və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə diplomatik korpusa ətraflı məlumat vermək olub.
Tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Forumun milli koordinatoru Anar Quliyev “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək WUF13-ün dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, həmçinin Azərbaycanın urbanizasiya sahəsində nailiyyətlərini və gələcəyə baxışını dünyaya təqdim etmək baxımından əhəmiyyətini vurğulayıb. O, Forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün keçiriləcəyini diqqətə çatdırıb və bunu Azərbaycanın qlobal şəhər gündəliyinə sadiqliyinin əyani göstəricisi kimi dəyərləndirib.
UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax videomüraciətində Forumun təşkilinə görə Azərbaycan Hökumətinə təşəkkür edərək bildirib ki, WUF13 bütün tərəfdaşların hər kəs üçün layiqli mənzil təmin etmək öhdəliklərini yeniləməsi üçün mühüm mərhələ olacaq.
Tədbir zamanı həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkəti və UN-Habitat tərəfindən Forumun konsepsiyası və proqramı, habelə keçiriləcəyi Bakı Olimpiya Stadionunda yaradılacaq funksional zonalar, infrastruktur və hazırlıq işləri barədə geniş məlumat verilib.