Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şura fəaliyyətə başladı
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şura fəaliyyətə başladı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında yeni yaradılmış İctimai Şuranın fəaliyyətə başlaması ilə əlaqədar Komitə sədrinin şura üzvləri ilə görüşü keçirilib.
Komitə sədri Anar Quliyev təşkilata seçilmələri münasibətilə şura üzvlərini təbrik edib, Şuranın Komitə ilə əməkdaşlığının səmərəli qurulacağına əminliyini ifadə edib, üzvlərə fəaliyyətində uğurlar arzulayıb. Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən dövlət siyasəti sayəsində son illər ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndiyini, QHT-lərin inkişaf və dövlət quruculuğu proseslərində fəal iştirak etdiyini, dövlət-vətəndaş münasibətlərinin yeni inkişaf mərhələsinə çıxdığını vurğulayıb. Bildirilib ki, Komitə yanında İctimai Şura ölkə başçısının dövlət orqanlarının fəaliyyətində ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqları və bu sahədə qanunvericiliyin tələbləri əsas götürülərək yaradılıb.

“Biz şəhərsalma fəaliyyətinin planlaşdırılması və təşkili sahəsində vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlığa, qərarların qəbulunda vətəndaş mənafelərinin, ictimai rəyin nəzərə alınmasına xüsusi önəm veririk. İnanıram ki, bugün fəaliyyətinə başlayan İctimai Şura sağlam və konstruktiv dialoqun genişləndirilməsinə, cəmiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, şəhərsalma proseslərində elmi əsaslandırma, şəffaflıq və ədalət prinsiplərinin təmin olunmasına əhəmiyyətli tövhə verəcək”, – deyə Komitə sədri vurğulayıb.
 
Görüş çərçivəsində dövlət başçısının təşəbbüsü ilə şəhərsalma və memarlıq sahəsində aparılan əsaslı islahatlar, Komitə tərəfindən reallaşdırılan əsas layihələr və gələcək planlar barədə Şura üzvlərinə geniş məlumat verildi, mövzu ətrafında fikir mübadiləsi aparıldı. İctimai şuranın üzvləri vətəndaş cəmiyyəti nümayəndələrinin seçici etimadını doğruldacaqlarını qeyd edib, şəhərsalma və memarlıq fəaliyyəti ilə bağlı aktual məsələlərin ictimai müzakirəsi sayəsində daha səmərəli həllinə nail olunacağını bildirib, görüşə və səmimi söhbətə görə minnətdarlıq ifadə etdilər.
Daha sonra İctimai Şura üzvlərinin qapalı şəkildə davam etmiş iclasında bir sıra təşkilati məsələlərə dair qərarlar qəbul edildi, o cümlədən səsvermə yolu ilə şuranın sədri, sədr müavinləri və katibi seçildi, gələcək fəaliyyət reqlamenti qəbul edildi.

______

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şura üzvləri 112 QHT təmsilçisi tərəfindən 2 il müddətinə seçilib. 11 sentyabr 2021-ci il tarixində baş tutmuş seçkilər müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq gizli səsvermə yolu ilə keçirilib. Vətəndaş cəmiyyəti institutları tərəfindən İctimai Şurada üzvlüyə irəli sürülmüş 18 namizəd sırasından səs çoxluğu ilə 11 nəfər üzv seçilib.
 



Bütün xəbərlər