Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu Qarabağda keçirib
Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə 19 oktyabr 2023-cü il tarixində Komitə sədri Anar Quliyev Ağcabədi, Ağdam, Laçın rayonlarından olan vətəndaşlarla Ağcabədi şəhərində görüşüb.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Ağcabədi şəhərində keçirilən görüşdə yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinə icazə icraatı, layihələndirmə və şəhərsalma normaları ilə bağlı suallar cavablandırılıb, bir çox məsələlər yerində həll edilib.
Bundan başqa, Anar Quliyev Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ilə məhsuldar görüş keçirib. Görüş zamanı şəhərin Baş planının icra vəziyyəti, habelə davamlı inkişafının təmin edilməsi üçün qarşıda duran məsələlər müzakirə edilib.