“Əlverişli Biznes Mühiti layihəsi ilə əlaqədar işçi qrupun fəaliyyətinin təşkili” mövzusunda görüş keçirilib
“Bir pəncərə” e-sisteminin təkmilləşdirilməsi ilə bağlı görülmüş işlər barədə məlumat verilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Tikintiyə icazələrin verilməsi'' işçi qrupunun 2022-ci il üçün fəaliyyət planına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintiyə və istismara icazələrin verilməsi üzrə “Bir pəncərə” (www.e-tikinti.gov.az) elektron müraciət sisteminin üstünlükləri və aparılan islahatlara dair kommunikasiya əlaqələrinin qurulması, məlumatlandırma işinin təşkilinə dair cari ilin iyul-noyabr ayları ərzində aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilmiş işlər müzakirə edilib. İclasda tikinti icraatı prosesində iştirak edən aidiyyəti dövlət qurumlarının nümayəndələri təmsil olunub.
Onlayn görüş çərçivəsində tikintiyə və istismara icazələrin verilməsi sahəsində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində beynəlxaq əməkdaşlıq imkanlarının və təcrübə mübadiləsinin artırılması məqsədilə müvafiq ölkələrin aidiyyəti qurumları ilə onlayn görüşlər keçirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bununla yanaşı, tikinti və istismara icazə prosesi üzrə müraciətlərin icra vəziyyəti barədə statistik təhlilləri əks etdirən məlumatlar təqdim edilib, şəhərsalma və tikintiyə dair normativ sənədlərin qabaqcıl təcrübəyə və şəhərsalma sahəsinin məqsədlərinə uyğun şəkildə təkmilləşdirilməsi və tətbiqi üçün tədbirlərin həyata keçirilməsi və məlumat mübadiləsinin təmin edilməsinə dair təkliflər səsləndirilib. Eyni zamanda görüşdə tikintiyə və istismara icazələrin verilməsi və tikintidə keyfiyyətə nəzarət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı görülmüş işlər barədə iştirakçılara ətraflı məlumat verilib. Bundan əlavə, “Bir Pəncərə” e-sisteminin funksional diaqnostikasının aparılması, aşkar olunan çatışmazlıqların aradan qaldırılması, sistemin tətbiqinin genişləndirilməsi üzrə zəruri tədbirlərin görülməsi, habelə elektron portalın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan “Tikintilərin Dövlət Reyestri” sistemi ilə inteqrasiyasının təmin edilməsindən danışılıb. İcazə və məlumatlandırma icraatı üzrə verilmiş yekun sənədlər əsasında tikinti obyekti üçün çıxarışların əldə edilməsinin sadələşdirilməsi və yekun sənədlərin daşınmaz əmlakın dövlət reyestrini aparan quruma göndərilməsi məqsədilə həmin qurumun “Bir Pəncərə” e-sisteminə qoşulması və inteqrasiyasının təmin edilməsi istiqamətində təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində, www.azranking.az portalı vasitəsilə vətəndaşlar tərəfindən daxil olan sorğular və müraciətlər səsləndirilib, araşdırılması və həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Tədbirlərin vaxtında və koordinasiyalı şəkildə icrasında işçi qrup üzvlərinin rolunun əhəmiyyəti vurğulanaraq fəaliyyət planında nəzərdə tutulan maarifləndirici seminarların və proqramların təşkili ilə bağlı vəzifə bölgüsü də müəyyən edilib.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərlik etdiyi “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13.07.2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın 19 işçi qrupundan biridir.