Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Gənc memarların inkişafına dəstək məqsədilə növbəti maarifləndirici tədbir keçirildi
Gənc memarların inkişafına dəstək məqsədilə növbəti maarifləndirici tədbir keçirildi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yeni nəsil memarların yetişdirilməsi və onların şəhərsalma sahəsində peşəkar inkişafına dəstək məqsədilə silsilə layihələrini davam etdirir.

 

Komitənin təşəbbüsü ilə keçirilən növbəti belə tədbir ADA Universiteti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə WUF13 “Azərbaycan Şəhərsalma Kampaniyası” çərçivəsində təşkil olunub.

 

Dekabrın 8-də “Dizayn və memarlıq sahəsində tədqiqatlar” mövzusunda keçirilən açıq seminarda tələbələr, gənc mütəxəssislər və sahəyə maraq göstərən iştirakçılar memarlıq təcrübəsinin iki əsas istiqaməti – insanmərkəzli dizayn yanaşması və mədəni irsin qorunmasında rəqəmsal texnologiyaların rolu barədə beynəlxalq ekspertlərin təqdimatlarını dinləyiblər.

 

ADA Universitetinin Dizayn və Memarlıq fakültəsinin xarici professorları, qabaqcıl təhsil ocaqlarında dizayn üzrə fəlsəfə doktorları adlarını qazanmış Deniz Özge Aytac (Bursa Uludağ Universiteti, Türkiyə), Melaniya Viçenti (Politecnico di Milano, İtaliya) və Dina Yovanoviç Lombardonun (Politecnico di Milano, İtaliya) çıxışları zamanı məkan dizaynının korporativ mədəniyyətə və insan davranışlarına təsiri, habelə 3D-modelləşdirmə, rəqəmsal xəritəçəkmə və BİM (Binaların İnformasiya Modelləşdirilməsi) metodologiyasının tarixi binaların sənədləşdirilməsi, monitorinqi və bərpa proseslərinin planlaşdırılmasında əhəmiyyəti real nümunələr əsasında izah olunub.

 

Fərqli yanaşmaların müzakirə edildiyi seminar gənclərin fəal iştirakı ilə yadda qalıb və iştirakçılar üçün beynəlxalq təcrübə ilə tanış olmaq baxımından faydalı platforma yaradıb.

 

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin maarifləndirmə məqsədli bu təşəbbüsü memarlıq mütəxəssislərinin inkişafına dəstək vermək, beynəlxalq əməkdaşlığı gücləndirmək və tarixi irsin qorunması şərtilə davamlı memarlıq mədəniyyətini təşviq etməyə yönəlib. Azərbaycan memarlığının, o cümlədən gənc mütəxəssislərin inkişafında mühüm rol oynayan bu kimi tədbirlər qabaqcıl təcrübələrin mübadiləsinə və dayanıqlı şəhər inkişafı strategiyalarının həyata keçirilməsinə töhfə verir.



Bütün xəbərlər