Komitə sədri Anar Quliyev Goranboy, Naftalan və Xocalı rayonlarından olan vətəndaşlarla görüşüb
Vətəndaşları narahat edən məsələlərin öyrənilməsi və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 18 avqust 2023-cü il tarixində Goranboy şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümumilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi hörmət və ehtiramla anılıb.
Qəbul zamanı vətəndaşların tikintiyə icazələrin verilməsi ilə bağlı sualları cavablandırılıb, habelə tikinti layihələrinin şəhərsalma qanunvericiliyinin tələblərinə uyğunluğuna dair müraciətlərinə baxılıb, Komitə və tabeliyində olan qurumların fəaliyyət istiqamətinə aid sorğular qeydiyyata alınıb.
Həmçinin bu gün Goranboy Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşdə şəhərin Baş Plana uyğun davamlı inkişafının təmin edilməsi üçün mühüm addımlar müzakirə olunub, sakinlər üçün rahat şəhər mühitinin yaradılması istiqamətində görüləcək işlər müəyyən edilib.