Laçın şəhər 2 nömrəli tam orta məktəbində də bu gün ilk təhsil zəngi çalınıb!
15 sentyabr hər il qeyd edilən, tədris ilinin başladığı həyəcan dolu bir gündür.
Bu il Laçın şəhərində Bilik Günü xüsusilə önəmlidir. Bu gündən Ağalı kənd məktəbi ilə yanaşı, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərində, Füzuli, Laçın şəhərlərində məktəblər fəaliyyət göstərməyə başlayır.
Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən digər işğaldan azad edilən ərazilərimizdə də təhsil ocaqlarının tikinti prosesi həyata keçirilir. Yaxın zamanlarda Şuşa rayonunda 6, Ağdam rayonunda 29, Füzuli rayonunda 22, Zəngilan rayonunda 20, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 20, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda 3 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.
Bilik Günü münasibətilə doğma ana yurdlarına qayıdan məktəblilərin simasında gələcəyə doğru yeni bir səhifə açan və daima bilik axtarışında olan hər kəsi təbrik edirik. Yolunuz hər zaman açıq olsun!