Tacikistan nümayəndə heyəti Azərbaycanın şəhərsalmada innovativ yanaşmalarını yüksək dəyərləndirib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Tacikistan Respublikasının Memarlıq və İnşaat Komitəsinin sədri Nizom Mirzozodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanla Tacikistan arasında əlaqələrin gücləndirilməsi imkanlarını müzakirə etmək məqsədilə görüş keçirib.
Görüş zamanı tərəflər təcrübə mübadiləsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Qonaqlar şəhərlərin müasirləşdirilməsi və transformasiyası ilə yanaşı, ənənələrin qoruması sahəsində Azərbaycanın təcrübəsinə, habelə tarixi irs, müasir həllər və davamlı inkişafın harmoniyasını təmin edən şəhərsalmada innovativ yanaşmalara xüsusi maraq göstəriblər.
Eyni zamanda, Nizom Mirzozoda COP29 çərçivəsində keçirilən Şəhərsalma Gününün uğurlu təşkilini, “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” təşəbbüsü və Bakı Davamlılıq Koalisiyasının qurulmasını yüksək qiymətləndirərək, bu mühüm nailiyyətlər münasibətilə səmimi təbriklərini çatdırıb.