Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Azərbaycan təcrübəsini öyrənmək məqsədilə Bakıda səfərdə olan Özbəkistan Respublikasının nümayəndə heyətinin ilk görüşü Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirildi
Azərbaycan təcrübəsini öyrənmək məqsədilə Bakıda səfərdə olan Özbəkistan Respublikasının nümayəndə heyətinin ilk görüşü Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirildi

 

18 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Özbəkistan Respublikasının Tikinti nazirinin müavini Erkin İskandarovu və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikasının şəhərsalma və tikinti sahəsində təcrübəsini öyrənmək məqsədilə Bakıda səfərdə olan nümayəndə heyətinin tərkibinə Özbəkistan Respublikasının Tikinti Nazirliyinin rəsmiləri ilə yanaşı, ölkənin Nazirlər Kabinetinin, Baş Prokurorluğunun nümayəndələri və bir neçə iri dövlət şirkətlərinin rəhbərləri daxildir.

Qonaqları salamlayan Samir Nuriyev ölkədə şəhərsalma məsələlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində saxladığını bildirdi. O, həmçinin, ölkə başçısı tərəfindən 2018-ci ildə imzalanmış fərmanlara əsasən şəhərsalma və memarlıq sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində görülmüş tədbirlər barədə məlumat verdi. Sədr vurğuladı ki, bu sahədə aparılan islahatların əsas məqsədi ölkədə davam edən urbanizasiya prosesinin və şəhərsalma fəaliyyətinin planlı və sistemli təşkil olunmasını təmin etməkdir.

Samir Nuriyev qeyd etdi ki, Azərbaycanın bu sahədə sistemli yanaşması beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatına əsasən Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasına daxildir, 190 ölkə arasında 25-ci yeri tutur və MDB ölkələri arasında liderlik edir. Hesabatda o da qeyd olunur ki, Azərbaycan il ərzində “Tikintiyə icazə alınması” indikatoru üzrə 100 pillə irəliləyib.

Azərbaycan Respublikası Prezidentinin bu istiqamətdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzaladığı son 28 dekabr 2018-ci il tarxili Fərmanı barədə məlumat verən Komitə sədri tikintinin təşkili məqsədilə icazə prosedurlarının sadələşdirilməsi və bu sahədə şəffaflığın artırılması üçün görülmüş işlər haqqında da ətraflı məlumat verdi. Sədr bildirdi ki, bəzi tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin “bir pəncərə” prinsipi əsasında verilməsini təmin etmək məqsədi ilə yeni elektron sistem yaradılmışdır. O, fürsətdən istifadə edərək, Özbəkistan nümayəndə heyəti üzvlərini Bakıya tanışlıq səfəri çərçivəsində bu yeni elektron sistemin Komitə tərəfindən 21 fevral tarixində keçiriləcək təqdimat mərasimində iştirak etməyə dəvət etdi.

Bununla yanaşı, qonaqlara ölkə şəhərlərinin dayanıqlı və sistemli inkişafını təmin etmək məqsədilə baş planların hazırlanması istiqamətində görülən işlər barədə də ətraflı məlumat verildi və xüsusi vurğulandı ki, bu fəaliyyətin aparıcı dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilməsi Komitə qarşısında qoyulmuş prioritet vəzifələrdən biridir. Bildirildi ki, 2018-ci ildə Komitə Bakı şəhərinin baş planının hazırlanması işini müasir standartlara əsasən təşkil etmək məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi şirkəti əməkdaşlığa cəlb etmişdir. O qeyd etdi ki, işlərin 1-ci mərhələsi artıq uğurla başa çatdırılıb. Ötən dövr ərzində Abşeron yarımadasının inkişafına dair əvvəlki illərdə hazırlanmış ərazi planlaşdırılması sənədləri təhlil olunaraq dəyərləndirilib. Eyni zamanda, beynəlxalq təcrübəyə və bu sahədəki müasir tendensiyalara əsaslanaraq Bakı şəhərinin gələcək inkişafının konsepsiyası və Baş planın hazırlanması üçün qarşıda duran işlərin əsas prioritetləri müəyyən edilib. 1-ci mərhələdə görülən işlər əsasında beynəlxalq şəhərsalma şirkətinin seçilməsi üçün layihə tapşırığı hazırlanıb və açıq tender elan edilib. Tender komissiyasına dünyanın müxtəlif ölkələrini təmsil edən iri şəhərsalma şirkətlərinin təklifləri təqdim olunub. Bildirildi ki, tenderin qalibinin mart ayında elan edilməsi və daha sonra Bakının Baş planının hazırlanması üzrə işlərin 2-ci mərhələsinin başlanacağı planlaşdırılır.

Daha sonra çıxış edən Özbəkistan Respublikasının Tikinti nazirinin müavini Erkin İskandarov səmimi qəbula və verilən ətraflı məlumata görə təşəkkürünü bildiridi. Nazir müavini qeyd etdi ki, Azərbaycan hökumətinin şəhərsalma, memarlıq və tikinti fəaliyyəti üzrə həyata keçirdiyi dövlət siyasəti, qanunvericiliyin təkmilləşdirilməsi, idarəetmənin təşkili və dövlət tənzimləməsi sahələrində nailiyyətləri tərəfindən çox yüksək qiymətləndirilir və onda böyük maraq doğurur. O, Azərbaycanın bu sahədə təcrübəsi ilə yaxından tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək imkanına görə Özbəkistan Respublikasının Tikinti naziri Abdukaxxor Tuxtayevin adından sədr Samir Nuriyevə dərin minnətdarlığını bildirdi.

Erkin İskandarov, həmçinin təmsil etdiyi Nazirliyin əsas fəaliyyət istiqamətləri, ölkəsinin şəhərsalma və tikinti sahəsində son illər ərzində əldə etdiyi nailiyyətlər və gələcək planları, habelə Azərbaycana səfər çərçivəsində daha ətraflı məlumat əldə etməkdə maraqlı olduğu sahələr barədə geniş məlumat verdi.

Görüş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müxtəlif fəaliyyət istiqamətlərinə cavabdeh olan qurumlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə davam etdi. Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq perspektivləri və gələcək təcrübə mübadiləsi barədə ətraflı müzakirələr aparıldı.

Özbəkistan nümayəndə heyətinin 1 həftə davam edəcək Bakıya işgüzar səfəri çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutunun və Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun, habelə bir sıra aidiyyəti dövlət qurumlarının rəhbərliyi və ekspertləri, özəl sektor nümayəndələri ilə işçi görüşlərinin keçirilməsi nəzərdə tutulur.

 



Bütün xəbərlər