Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsində göstərildiyi kimi mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:
- hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;
- xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların;
- hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);
- hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin;
- reklam qurğuları istisna olmaqla, kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının;
- tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin;
- fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin;
- təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin;
- Şəhərsalma və Tikinti Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin;
- hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların.
Əlavə olaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2-ci maddəsində qeyd olunan 79.1.1, 79.1.2 və 79.1.9-cu bəndlərində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur.