3 may tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilib
İclası giriş nitqi ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib ki, bu gün ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən siyasət sayəsində yeni inkişaf dövrünü yaşayır. Həyata keçirilən silsilə iqtisadi və sosial islahatlar, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ilin əvvəlindən imzalanmış fərman və sərəncamlar insanların sosial rifah halının yaxşılaşdırılması, müxtəlif sahələrdə işin səmərəliliyinin artırılması və şəffaflığın təmin olunması, ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Ölkə başçısının rəhbərliyi altında hökumətin reallaşdırdığı dövlət siyasətinin mərkəzində ilk növbədə Azərbaycan vətəndaşı və onun yüksək həyat keyfiyyətinin təmin olunması məsələsi durur.
İqtisadiyyatımızın əsas sahələrindən olan şəhərsalma və tikinti sektorunda da aparılan islahatlar bu məqsədə, o cümlədən əhalinin mənzil-məişət şəraitinin yaxşılaşmasına, sahibkarlığın inkişafına xidmət edir. Ölkədə şəhərsalma proseslərinin planlı və sistemli təşkili məsələlərinə xüsusi diqqət ayıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son müddət ərzində qəbul etdiyi qərarlar, verilmiş tapşırıqlar və onların icrası bunun əyani göstəricisidir.
Samir Nuriyev vurğuladı ki, ötən ilin son günlərində şəhərsalma proseslərinin tənzimlənməsi ilə bağlı qəbul olunmuş belə islahedici qərarlardan biri ölkə başçısının “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 28.12.2018-ci il tarixli 460 nömrəli Fərmanıdır. Fərmanın icrası ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən digər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə qısa müddət ərzində Bakı şəhəri üzrə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün “bir pəncərə” prinsipi əsasında elektron müraciət sistemi hazırlanmışdır. Bu elektron sistem geniş ictimaiyyətə və iş adamlarına təqdim olunaraq 21.02.2019-cu il tarixində istifadəyə verilmişdir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet portalında fəaliyyət göstərən yeni elektron müraciət sistemi şəhərsalma qanunvericiliyi ilə ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikililər və anbarların tikintisinə və istismarına icazələrin alınması prosesinin əlavə vaxt itirilmədən, sürətli, rahat və şəffaf formada icrasına şərait yaradıb. Nəticədə məmur-sahibkar ünsiyyəti minimuma endirilib, iş adamlarının vaxtına və xərclərinə əhəmiyyətli şəkildə qənaət etmək imkanı təmin edilib. Bugünə artıq elektron müraciət sistemi vasitəsi ilə 10-larla tikinti obyektinin sifarişçilərinin müvafiq icazələrin alınması üçün “bir pəncərə” prinsipi əsasında elektron formada müraciəti emal edilib, icazələr elektron qaydada verilib. Belə ki, sifarişçi qeyd olunan sistemə elektron qaydada müraciət edərək və tələb olunan sənədləri elektron formada yükləyərək 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər.
Ölkə başçısının qeyd olunan Fərmanını tam şəkildə icra etmək məqsədilə Komitə tərəfindən işlər davam etdirilir. Cari ildə təkmilləşdirilmə işlərinin aparılması, tikintiyə icazə üçün elektron müraciət sisteminin təkcə paytaxt üzrə deyil, bütün ölkə üzrə xidmət göstərməsi nəzərdə tutulur. Ötən müddət ərzində Komitənin aparatında və tabe qurumlarında bu məqsədlə müxtəlif təlimlər keçirilmiş, habelə mərhələli şəkildə respublikanın rayonlarının Baş memarları ilə görüşlər təşkil olunmuşdur. Maarifləndirmə və təlimatlandırma tədbirləri bundan sonra da davam etdiriləcək. Bununla yanaşı, yaxın gələcəkdə bu elektron portal vasitəsilə, həmçinin, ekspertizası tələb olanan obyeklərin də tikintisinə və istismarına “bir pəncərə” prinsipi əsasında elektron icazələrin verilməsi planlaşdırılır.
Komitə sədri vurğuladı ki, Azərbaycan Respublikası Prezidentinin bu il qəbul etdiyi daha bir mühüm əhəmiyyətli qərar 19.02.2019-cu il tarixində imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 529 nömrəli Fərmanıdır. Ölkə başçısının bu inqilabi Fərmanı Azərbaycanda humanizm prinsiplərinə əsaslanan sosialyönümlü dövlət siyasətinin daha bir təzahürüdür.
Samir Nuriyev qeyd etdi ki, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarının tikintisinin şəhərsalma qanunvericiliyinin tələblərinə tam riayət olunmadan aparılması səbəbindən həmin binaların rəsmiləşdirilməsində və sakinlərinin yaşadıqları mənzillər üzərində mülkiyyət hüquqlarının tanınmasında olan çətinlikləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin imzaladığı bu inqilabi Fərman ölkə vətəndaşlarının hüquq və maraqlarının hər şeydən üstün olduğunu bir daha nümayiş etdirdi. Fərmanla bir sıra dövlət qurumlarının vəzifələri müəyyənləşdirilmiş, belə binaların istismarına icazə prosedurunun və müddətinin optimallaşdırılması, bu sahədə şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə tapşırıqlar verilmişdir.
Ötən müddət ərzində Fərmanın icrası ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən belə binaların dayanıqlığı və təhlükəsizliyi ilə bağlı təqdim olunmuş 26 müsbət rəy əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 26 yaşayış binaları kompleksinin istismarına icazələr verilmişdir. Bu da Fərmanın icrasının hazırkı mərhələsində ümumilikdə 5600-dən artıq ailənin illər ərzində həlli mümkün olmayan probleminin artıq həll olunması deməkdir. Verilmiş icazələr barədə aidiyyəti dövlət qurumları dərhal məlumatlandırılır, Komitənin internet portalında müvafiq məlumatlar yerləşdirilir, ictimaiyyət məlumatlandırılır.
Komitə sədri çıxışında, həmçinin, ərazi planlaşdırılması sənədlərinin hazırlanması istiqamətində fəaliyyətə və Bakı şəhərinin Baş planının hazırlanması məsələsinə də toxundu. Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığını rəhbər tutaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanması prosesinin beynəlxalq təcrübəyə uyğun olaraq 2 mərhələdə təşkil edib. Samir Nuriyev xatırlatdı ki, bu prosesin 1-ci mərhələsində əməkdaşlığa cəlb olunmuş nüfuzlu beynəlxalq məsləhətçi – “Boston Consulting Group” şirkətinin dəstəyi ilə Bakı şəhərinin inkişaf konsepsiyası hazırlanmış, habelə aparılmış hərtərəfli təhlil və hazırlıq işlərinin davamı olaraq 2018-ci ilin sonunda beynəlxalq şəhərsalma şirkətinin seçilməsi məqsədilə açıq tender elan edilmişdir. Komitənin, aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma şirkəti seçilmişdir. Bakının Baş planının hazırlanması işinin artıq başlanılmış 2-ci mərhələsində Komitə “Boston Consulting Group” və “AS+P” şirkətlərinin iştirakı ilə şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparacaq.
Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Baş plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir.
Bununla yanaşı bildirilib ki, Komitə tərəfindən əvvəlki illərdə hazırlanmış Şəmkir, Göygöl, Xaçmaz, Salyan, Masallı və Tovuz şəhərlərinin baş planları Nazirlər Kabineti tərəfindən 2019-cu ilin ilk rübündə təsdiqlənib. Hazırda Quba şəhərinin Baş planı layihəsi Nazirlər Kabinetinə təsdiq üçün təqdim edilmiş, Biləsuvar şəhərinin baş planının yekun layihəsinin aidiyyatı təşkilatlarla razılaşdırılması başa çatdırılmışdır. Eyni zamanda, Komitənin sifarişi əsasında 2018-ci ilin sonunda hazırlanmasına başlanılmış daha 6 şəhərin – Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmirin baş planları layihələrinin işlənməsi prosesi davam etdirilməkdədir.
Komitə sədri “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.08.2018-ci il tarixli 226 nömrəli Fərmanına əsasən, şəhərsalmanın planlaşdırılması və tikintinin layihələndirilməsi sahəsində görülmüş işlərin əhəmiyyətini də vurğulamışdır. Bildirildi ki, son zamanlar tikinti sifarişçiləri ilə aparılan sıx əməkdaşlıq və maarifləndirmə işi nəticəsində hazırlanan və baxılması üçün Komitəyə təqdim olunan yeni layihələrin keyfiyyətində, onların şəhərsalma qanunvericiliyinin tələblərinə və müvafiq normalara cavab verməsi baxımından müsbət dinamika müşahidə olunur. Ümumiyyətlə son müddət ərzində Komitə tərəfindən Respublika üzrə 176 şəhərsalma əsaslandırılması təsdiq olunmuşdur ki, bunlardan 89 Bakı şəhərinin ərazisində reallaşdırılacaq layihələri əhatə edir.
Samir Nuriyev, həmçinin, qeyd etdi ki, bu gün Komitədə gənclərin mənəvi inkişafı və mütəxəssis kimi formalaşması istiqamətində də işlər aparılmaqdadır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin aktiv tələbələri ilə görüşlər keçirilir, onların Komitənin fəaliyyət sahəsinə aid mövzularda maarifləndirilməsi, məşğulluq strategiyasına uyğun olaraq sosial fəallığının artırılması və təhsil aldıqları ixtisaslara uyğun olaraq müvafiq vakansiyalar üzrə dövlət qulluğuna cəlb olunmaları üçün şərait yaradılır. Həmçinin tikinti və şəhərsalma sektorunda maraqlı olan gənclərimiz Azərbaycan Respublikasının “Könüllülük fəaliyyəti haqqında” Qanununa müvafiq olaraq könüllülük fəaliyyətinə cəlb edilməklə müxtəlif layihələrdə ictimai işlərə yönəldilir, onların Komitədə vətəndaşlara xidmət vərdişlərinə, iş təcrübəsinə yiyələnmələri təmin edilir.
Daha sonra Komitənin sədr müavini Dövlətxan Dövlətxanov, Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud və Dövlət şəhərsalma kadastrı şöbəsinin müdiri Rəşad İsmayılovun 2019-ci ilin birinci rübündə aidiyyəti sahələr üzrə fəaliyyətə dair hesabat məruzələri ilə çıxış etdilər.
İclas çərçivəsində, Komitənin kollegiyası tərəfindən ötən illər ərzində təsdiq olunmuş bir sıra layihələndirmə və tikinti normalarında Azərbaycan Respublikasının aidiyyəti qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar zəruri dəyişikliyin edilməsi barədə qərar qəbul edilmişdir.