Bakı şəhərinin Baş planı çərçivəsində reallaşdırılacaq strateji layihə təklifləri qurumlararası İşçi Qrupun növbəti iclasında müzakirə edildi
Bakı şəhərinin Baş planının aparıcı beynəlxalq şəhərsalma şirkətlərinin və yerli qurumların ekspertlərinin iştirakı ilə hazırlanması prosesi planlaşdırılmış vaxt cədvəlinə uyğun olaraq davam etdirilməkdədir. İşin icrasında iştirak edən tərəflərin əlaqələndirilməsi məqsədi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yaradılmış qurumlararası İşçi Qrupun növbəti - üçüncü iclası 09 oktyabr tarixində baş tutmuşdur.
İclas iştirakçılarını salamlayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov İşçi Qrupun 18 sentyabr ayında keçirilmiş ötən iclasında dövlət qurumlarının fəallığını, irəli sürülən təklifləri yüksək qiymətləndirərək, Qrup üzvlərinə Bakının gələcək inkişafının planlaması sahəsində səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirdi. Sədr müavini qeyd etdi ki, ekspertlərin ötən iclasda təqdim etdiyi “Çoxmərkəzli nüvəyə sahib şəhərin formalaşdırılması”, “Əhalinin mobilliyini təmin edəcək ictimai nəqliyyat şəbəkələri” və “Müasir şəhər iqtisadiyyatı” mövzularında ilkin baxışların və müvafiq strateji layihələrin konstruktiv müzakirələrinin nəticələri Baş planın hazırlanması prosesinə dəyərli töhfəsini vermişdir. O, aidiyyəti dövlət qurumlarının rəsmilərinin iştirakı ilə İşçi Qrupun iclasları çərçivəsində bu növ strateji məsələlərin müzakirəsinin böyük əhəmiyyətini vurğulayaraq, iclasın gündəliyini və müzakirə üçün təqdim olunan yeni mövzuları təqdim etdi.
Sonra Bakının baş planının hazırlanması üzrə Komitə tərəfindən keçirilmiş beynəlxalq tenderin qalibi “AS+P” şəhərsalma şirkətinin nümayəndəsi - layihə rəhbəri Frank Höf çıxış edərək Bakının inkişaf prioritelərinə əsaslanaraq işlənmiş daha bir neçə şəhərsalma baxışları və həlləri ilə bağlı ilkin təklifləri müzakirə üçün təqdim etdi. Təqdim olunmuş şəhər planlaması baxışları (1) “Əlverişli mühəndis kommunikasiyaları infrastrukturunun formalaşdırılması”, (2) “Dayanıqlı ekologiyaya malik şəhər”, (3) “Mədəni irsin qorunması və Yeni şəhər iqtisadiyyatı” kimi mövzuları əhatə etdi.
Daha sonra İşçi Qrupun iclası sözügedən mövzulardan hər biri üzrə ixtisaslaşan təşkilatların nümayəndələrinin iştirakı ilə 3 parallel sessiya formatında davam etdi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri və Komitənin məsləhətçisi olan “BCG” şirkətinin nümayəndələri tərəfindən idarə olunan sessiyalarda hər 3 mövzu üzrə təklif olunmuş baxış və həllərə dair ətraflı müzakirələr aparıldı, aidiyyəti dövlət qurumlarının rəyləri dinlənildi. Eyni zamanda, iclasda təqdim olunmuş və Bakının Baş planının reallaşdırılmasında təkanverici qüvvə rolunu oynayacaq, şəhərin qısa- və uzunmüddətli perspektivdə davamlı və sistemli inkişafına xidmət edəcək bəzi strateji layihələrin də müzakirəsi və ilkin qiymətləndirilməsi təşkil olundu.
Qeyd etmək lazımdır ki, İşçi Qrupun ilk iclası cari ilin iyun ayında baş tutmuş və fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında Komitə tərəfindən paytaxtın Baş planının hazırlanması üzrə davam etdirilən işlərin səmərəliliyinin artırılması, dövlət qurumları arasında bununla bağlı məlumat mübadiləsinin təşkili, şəhərin gələcək inkişafı üçün aparılan genişmiqyaslı planlaşdırma işlərində vahid yanaşmaya uyğun olaraq səylərin birləşdirilməsini əhatə edir.
Noyabr ayında təşkil olunacaq növbəti iclas Strateji Sessiya formatında keçiriləcək və seçilmiş strateji layihələr portfelinin müzakirəsinə həsr ediləcək.