COP29: "Yaşıl şəhər nəqliyyatı" mövzusunda dəyirmi masanın nəticələri
COP29-da Şəhərsalma Günü çərçivəsində “Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlər arasında keçirilən görüşdə nəqliyyat sistemlərinin dekarbonizasiyası və rəqəmsallaşdırılması ilə bağlı əsas məsələlər müzakirə olundu.
Rəqəmsallaşma və dayanıqlı inkişaf
Toplantının əsas mövzusu rəqəmsal texnologiyaların tətbiqi ilə ətraf mühitə davamlı və səmərəli nəqliyyat sistemlərinin yaradılması oldu. İştirakçılar karbon emissiyalarını azaldan innovativ həllər və “ağıllı” nəqliyyat texnologiyaları ilə bağlı uğurlu təcrübələrdən danışdılar.
Dekarbonizasiya və dayanıqlılıq
Müzakirələr zamanı dayanıqlı şəhər nəqliyyatının yaradılmasına xüsusi diqqət yetirildi. Elektrikli avtobusların inkişafı, mikronəqliyyat vasitələri və avtobus zolaqlarının genişləndirilməsi daxil olmaqla, “yaşıl” nəqliyyat həllərinin şəhər infrastrukturuna inteqrasiyasının sürətləndirilməsi qərara alındı.
Əməkdaşlıq və öhdəliklər
Tədbirdə rəqəmsal transformasiya və dayanıqlı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı öhdəlikləri əks etdirən bəyanat qəbul olundu. 2027-ci ilə qədər “ağıllı “ və ekoloji cəhətdən əlverişli nəqliyyat sistemlərinin yaradılması üçün hökumətlərlə vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlıq müzakirə olundu.