Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım tədbiri keçirildi. Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi və kollektiv üzvləri, millət vəkilləri iştirak etdilər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev açdı. Daha sonra Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızı və Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Qənirə Paşayeva çıxış etdilər.
Azərbaycan xalqının böyük qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 29 il ötür. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri tərəfindən Azərbaycanda dinc əhaliyə qarşı törədilmiş qətliam nəticəsində 147 nəfər şəhid olmuş, 700-dən artıq insan yaralanmış və xəsarət almışdır.
O dövrdə 20 Yanvar hadisələri, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər barədə dünya ictimaiyyətinə düzgün məlumatın verilməsi xüsusi əhəmiyyətli bir məsələ idi. Qara Yanvar hadisələrindən sonra məhz Ümummilli lider Heydər Əliyevin cəsarətli addımları sayəsində, Sovet İttifaqı rəhbərlərinin hadisənin əsl mahiyyətinin dünya birliyindən gizlədilməsi cəhdlərinin qarşısı alındı. Qanlı faciədən dərhal sonra Ulu öndər Heydər Əliyev böyük fədakarlıq nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat vermiş, dinc insanlara qarşı təcavüzə kəskin etirazını bildirmiş, qətliamın təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmişdir. Sonrakı illərdə də Ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü və iştirakı ilə bu qanlı hadisəyə düzgün hüquqi-siyasi qiymət verilmiş, insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi dünya ictimaiyyəti tərəfindən qəbul edilmişdir.
1993-cü ildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən etibarən bugünədək hər il Qanlı Yanvar hadisələri ölkəmizdə çox yüksək səviyyədə yad edilir. Hər il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə xüsusi tədbirlər planı həyata keçirilir. Bu qanlı, eyni zamanda, qəhrəmanlıq rəmzi olan tarixdən 29 il keçsə də 20 Yanvar faciəsi istər respublikamızda, istərsə də xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən hər il hörmət və ehtiramla anılır.
Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. 20 Yanvar hadisələrində şəhid olmuş və sağlamlığını itirən əlillərin sosial müdafiəsi hər zaman dövlət başçısının diqqətindədir, həyata keçirilən dövlət siyasətinin önəmli bir hissəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin həlli aidiyyəti dövlət qurumları qarşısında mühüm vəzifələrdən biri kimi qoyulub. Ölkəmizdə bu istiqamətdə böyük layihələr həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Həmin gecə sovet qoşunları tərəfindən Bakıda törədilmiş bu qanlı cinayət, mülki vətəndaşların kütləvi qırğını Dağlıq Qarabağ ətrafında baş verən hadisələrə etiraz edərək küçə və meydanlara axışan Azərbaycan xalqının azadlıq uğrunda mübarizədə sarsılmaz iradəsinin rəmzinə çevrilmişdir.
20 Yanvar tariximizə hüzn, lakin, eyni zamanda, bir şərəf günü kimi yazıldı. Zaman keçir və gənc nəsil nümayəndələri bu hadisələr barədə faktlarla tanış olduqca Azərbaycanın müstəqillik tarixi, şərəfli keçmişi ilə qürurlanır, insanlığa düşmən əməlləri ilə yadda qalmış böyük bir imperiyanın güclü ordusuna qarşı çıxmış qəhrəmanları ehtiram və böyük hörmətlə yad edir.
Bütün təzyiqlərə və faciələrə baxmayaraq, heç bir qüvvə xalqımızın azadlıq arzularını, dövlətçilik ənənələrini məhv edə bilmədi. Azərbaycan müstəqilliyini bərqərar etdikdən sonra sürətlə inkişaf etdi və regionun qabaqcıl ölkələrindən birinə çevrildi. Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizəli yola birincilər sırasında çıxanlar, həyatlarını qurban vermiş – şəhid olmuş soydaşlarımız idi. Biz onların fədakarlığı və qəhrəmanlığı qarşısında baş əyirik və Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Tədbirin sonunda İctimai Televiziya tərəfindən hazırlanmış 20 Yanvar hadisələrinə həsr olunan “Zamanın sınaq yolu” adlı filmi nümayiş olundu.