Özbəkistan Azərbaycanın şəhərsalma və tikinti sahəsində təcrübəsini öyrənir
Özbəkistan Respublikası Prezident Administrasiyasının və Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfərin məqsədi ölkəmizin şəhərsalma və tikinti sahələrində təcrübəsi, tikintiyə icazələrin verilməsi prosesində son illər ərzində edilən islahatlar və innovasiyalar ilə tanışlıq olub.
Nümayəndə heyəti 12-13 avqust 2024-cü il tarixlərində Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin rəhbərliyi ilə faydalı görüşlər keçirib.
Görüşlər zamanı qonaqlara Komitə tərəfindən Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq yaradılan "e-tikinti.gov.az" innovativ elektron icazə sistemi haqqında ətraflı məlumat verilib. Portalın yaradılmasında əsas məqsədlər dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması yolu ilə səmərəliliyin, hesabatlılığın və şəffaflığın artırılması, tikintiyə və istismara icazələrin verilməsi prosesinin sadələşdirilməsi və təkmilləşdirilməsi, eyni zamanda tikinti layihələrinin keyfiyyətinin artırılmasıdır. Komitə tərəfindən idarə olunan və artıq bir neçə il çalışan e-sistem özündə bütün aidiyyəti dövlət qurumlarını inteqrasiya edib.
Qeyd olunub ki, 2024-cü ildən etibarən tikintiyə və istismara icazələr artıq yalnız elektron qaydada rəsmiləşdirilir.
Tərəflər eyni zamanda iki ölkə arasında bu istiqamətdə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq gələcəkdə sıx əməkdaşlıq barədə razılığa gəliblər.