“Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun cari il üçün növbəti iclası keçirilib
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun “Əlverişli Biznes Mühiti layihəsi ilə əlaqədar fəaliyyətin təşkili” mövzusunda iclası baş tutub.
Onlayn formatda təşkil olunmuş iclasda Dünya Bankının yeni “Əlverişli biznes mühiti” layihəsinə əsasən işçi qrupun 2022-ci il üzrə “Fəaliyyət Planı”nın tərtib edilməsi ilə bağlı görülmüş işlər haqqında məlumat verilib. Tikinti sahəsində biznes mühitinin yaxşılaşdırılması məqsədi ilə planda nəzərdə tutulan tədbirlərin zamanında icra edilməsinin vacibliyi, bu məsələdə koordinasiyalı işin və qrup üzvlərinin rolunun əhəmiyyəti vurğulanıb.
İclasda “Əlverişli biznes mühiti” layihəsinin xüsusiyyətləri barədə təqdimat nümayiş etdirilib, layihə ilə bağlı işçi qrupun üzvləri tərəfindən həyata keçirilməli vəzifələr barədə geniş məlumat verilib. Həmçinin qeyd edilən layihənin “Biznesin yerləşdiyi yer” indikatoru üzrə diaqnostika matrisinin tərtib edilməsi məqsədilə İşçi qrupun tərkibində müvafiq alt-qrupun yaradılmasına dair qərar qəbul edilib.
Qeyd edək ki, “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13.07.2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın 19 işçi qrupundan biridir. Bu işçi qrupuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərlik edir.