“Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun 2021-ci ilin yekunlarına həsr olunmuş iclası baş tutub
15 dekabr tarixində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun 2021-ci ilin yekunlarına həsr olunmuş onlayn iclası baş tutub.
İclas çərçivəsində iştirakçılara “Bir pəncərə” elektron sisteminin ölkə üzrə tətbiqi və genişləndirilməsinə dair mövcud vəziyyət haqqında geniş məlumat verilib, portalın təkmilləşdirilməsi istiqamətində aparılan işlər və gələcək hədəflər ətrafında fikir mübadiləsi aparılıb. Tikinti icraatında iştirak edən aidiyyəti dövlət qurumlarının da təmsil olunduğu iclasda cari ilin 11 ayı ərzində tikinti icraatı üzrə müraciətlərlə bağlı qurumların fəaliyyətinin təhlili, 2021-ci il ərzində işçi qrupunun fəaliyyət planının icra vəziyyətini müzakirəsi aparılıb.
Bununla yanaşı, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sədrinin tapşırığına əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 82-ci maddəsinin tələblərinin təmin edilməsi vəziyyətinin araşdırılmasına dair hazırlanmış qanunvericilik təklifləri barədə məlumat verilib. İclasda cari ilin Fəaliyyət Planının yekun qiymətləndirilməsi və 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin müzakirəsi də təşkil edilib. Hazırlanmış qanunvericilik təkliflərinin detallı müzakirəsi məqsədilə növbəti həftə ərzində işçi qrupun növbədənkənar iclasının keçirilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13.07.2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaqdır. Komissiyanın əsas vəzifələri biznes mühitinin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması, bu istiqamətdə hazırlanacaq proqram və layihələrinin həyata keçirilməsi üçün yerli və xarici ekspertləri cəlb etmək, bu sahədə dövlət orqanları və qurumlarının fəaliyyətini əlaqələndirməkdir. Qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədi ilə Komissiya tərəfindən 19 işçi qrupu yaradılıb. “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərlik edir.
Bütün xəbərlər