Beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma, ərazilərdən səmərəli istifadə, şəhərsalma kadastrı, memarlıq, tikintiyə icazə və digər sahələrin inkişafı baxımından müasir qlobal tendensiyalar nəzərə alınaraq beynəlxalq təcrübənin öyrənilməsi və təhlil edilməsi, müvafiq xarici təşkilatlarla və investorlarla əməkdaşlığın qurulması əsas prioritet sahələrdəndir. Komitə ilə qeyd olunan istiqamətlərdə geniş təcrübəyə malik Almaniya, Fransa, Latviya, Türkiyə, Rusiya Federasiyası, Özbəkistan, Sinqapur, Yaponiya, Malayziya, Koreya kimi bir sıra dövlətlər arasında qarşılıqlı təcrübə mübadiləsi, qabaqcıl nailiyyətlərin öyrənilməsi məqsədilə əməkdaşlıq əlaqələri qurulub.
Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq sahədə müasir standartların öyrənilməsi və tətbiqi, eləcə də fəaliyyətinin daha effektiv təşkil edilməsi məqsədilə beynəlxalq və regional təşkilatlar, habelə maliyyə institutları ilə əməkdaşlığa xüsusi önəm verilir. Komitə MDB iştirakçısı olan dövlətlərin inşaat fəaliyyəti sahəsində əməkdaşlığı üzrə Hökumətlərarası Şurası, BMT-nin İnsan Məskənləri Proqramı, o cümlədən Dünya Bankı, Avropa İttifaqı, Avropa Şurası və digər institutların müxtəlif proqramlarında mütəmadi olaraq fəal təmsil olunur.
Hazırda beynəlxalq təcrübə nəzər alınaraq qabaqcıl xarici şirkətlərin cəlb edildiyi Bakı şəhərinin baş planın hazırlanması layihəsi xüsusi əhəmiyyət kəsb edir. Komitə tərəfindən reallaşdırılan bu mühüm sənəd paytaxtımızın gələcək inkişafının daha da sürətləndirilməsində müstəsna rol oynayacaq. Bu baxımdan layihənin işlənilməsinə məsləhətçi tərəfdaş qismində ABŞ-ın “Boston Consulting Group” şirkəti, qabaqcıl dünya təcrübəsinə malik Almaniyanın şəhərsalma və memarlıq şirkəti “AS+P”, Böyük Britaniyanın “Ernst and Young” və “Ramboll” konsaltinq şirkətləri cəlb edilib.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları bu gün qabaqcıl dünya təcrübəsinin tətbiqinin önəmini anlayaraq gələcək uğurlu işin qurulmasında beynəlxalq yenilikləri daim diqqətdə saxlayır.