Laçın şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Planı
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli, 179 nömrəli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib.
İllərlə işğal altında qalan və ciddi dağıntılara məruz qalmış Laçın şəhərinin yenidən qurulması məqsədilə hazırlanmış bu sənəd müasir şəhərsalma prinsiplərinə, ekoloji yanaşmalara və tarix-memarlıq irsinə əsaslanır. Baş Plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə şəhərsalma sahəsində beynəlxalq təcrübəyə malik İsveçrənin “SA Partners” şirkəti və Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib olunub.
Baş Plan Laçının çoxfunksiyalı, davamlı və ekoloji baxımdan həssas yanaşmalarla formalaşan müasir şəhər kimi inkişafını nəzərdə tutur. Şəhərin mövcud strukturunun qorunması, iqtisadi diversifikasiyanın təmin edilməsi və ətraf mühitlə harmoniyada formalaşacaq yeni şəhər məkanında “ağıllı şəhər” konsepsiyası tətbiq olunacaq. Təhsilin keyfiyyətli təşkili, səmərəli kənd təsərrüfatı və dayanıqlı yaşayış modelləri yeni şəhər mühitinin əsas dayaqlarından olacaq.
Laçın həm də regional mərkəz funksiyasını yerinə yetirməklə biznes imkanları ilə cəlbedici, relyef imkanları baxımından isə dağ turizminin inkişafı üçün əlverişli bir məkana çevriləcək. Ətraf ərazidə inşa olunacaq beynəlxalq hava limanı şəhərə çıxış imkanlarını xeyli artıracaq.
Şəhərin konseptual zonalaşma sxemində bir neçə əsas inkişaf istiqaməti müəyyən edilib.
- “Bərpa olunan Laçın” zonası – şəhərin tarixi mərkəzini əhatə edir və burada mövcud ictimai məkanlar yenilənərək yeni həyat qazanacaq.
- “Yeni Laçın” zonası – müasir yaşayış məhəllələri ilə fərqlənən bu ərazi piyada və velosiped yolları vasitəsilə ənənəvi şəhər mərkəzi ilə inteqrasiya olunacaq.
- “Şəhərə giriş” zonası – Zəngilan-Kəlbəcər və Laçın-Şuşa magistrallarının kəsişməsində yerləşəcək və qarışıq funksiyalı məkan kimi inkişaf etdiriləcək.
- “Çaykənarı yaşayış zonası” – Həkəri çayının sahilində yerləşən kəndlərin sakinləri üçün yaşıl vadi imkanlarını əks etdirən rahat yaşayış məkanlarını əhatə edəcək.
- “Eko-turizm kurortu” və “Dayanıqlı istehsalat zonaları” – şəhərin rekreasiya, turizm və iqtisadi inkişaf potensialını artıracaq mühüm istiqamətlər olacaq.
Laçının əvvəlki Baş Planı 1978-ci ilə aiddir. Yeni plana əsasən, şəhərin ərazisi yaxınlıqdakı 2 kəndlə birlikdə 276 hektardan 738.43 hektaradək genişləndiriləcək. 2040-cı ilə qədər şəhər əhalisinin 13 369 nəfərdən 18 000 nəfərə çatdırılması nəzərdə tutulur. Adambaşına düşən yaşayış sahəsi 25 m²/adam olmaqla yüksək yaşayış standartları təmin ediləcək.
Yaşayış zonası əsasən seyrək sıxlıqlı fərdi yaşayış evlərindən ibarət olmaqla şərq istiqamətində formalaşacaq. Mərkəzdə əsasən çoxmənzilli yaşayış və inzibati binalar, ticarət obyektləri, çox funksiyalı binalar, mədəniyyət müəsissələri və yaşıllıqlar yerləşək. Ümumi yaşayış sahəsi 458 150 m² olacaq və bunun 214 825 m²-si fərdi evlərə, 116 100 m²-si isə azmərtəbəli binaların payına düşəcək.
Laçının iqtisadi strukturunda xidmət, turizm, kənd təsərrüfatı və sənaye sektoru aparıcı rol oynayacaq. Xidmət sahəsində inzibati, maliyyə və peşə fəaliyyətləri ön plana çıxacaq. Aqropark, sənaye zonaları və turizm əraziləri isə məşğulluğun əsas dayaqlarını təşkil edəcək. İnfrastruktur çərçivəsində:
- 7 məktəb (3240 şagirdlik) və 8 uşaq bağçası (1080 yerlik),
- 150 çarpayılıq xəstəxana,
- İşğal və Zəfər muzeyləri,
- Mehmanxanalar, iaşə obyektləri və idman meydançaları yaradılacaq.
Şəhərin yol infrastrukturu yaşıl nəqliyyata üstünlük verilməklə planlaşdırılıb. Piyada və velosiped yolları şəbəkəsinin yaradılması, eləcə də “15 dəqiqəlik şəhər” prinsipi üzrə müasir standartların tətbiqi inklüzivlik və şəhər mühitinin canlılığını təmin edəcək. Bu yanaşma sayəsində sakinlər uzunluğu 66 km-dən artıq olan küçə və yollarla yanaşı, 38 km-ə yaxın piyada və velosiped yollarından rahatlıqla istifadə edə biləcəklər. Həmçinin mərkəzi prospekt boyunca tramvay xəttinin yaradılması, ictimai nəqliyyat marşrutlarının isə bütün əsas obyektlərlə əlaqələndirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin göstərişinə əsasən, Laçın şəhəri də Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonası prinsiplərinə uyğun inkişaf etdiriləcək. Günəş kollektorları, istilik nasosları və digər texnologiyalar vasitəsilə enerji təminatı “net-zero” hədəflərinə uyğun qurulacaq.
Planda kanalizasiya və yağış suları şəbəkəsi ayrılmış sistemlə layihələndirilib. 6.073 km uzunluğunda yağış suları toplama sisteminin qurulması və təmizlənmiş suyun texniki və suvarma məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulub. İçməli su təminatı isə subartezian quyuları vasitəsilə həyata keçiriləcək.
Şəhər ərazisinin 36.77%-i yaşıllıq zonaları ilə əhatə olunacaq. Hər yaş və sosial qrupa uyğun açıq məkanlar və parklar salınacaq, nəticədə adambaşına düşən yaşıl sahənin göstəriciləri beynəlxalq standartlardan da yüksək olacaq.
Baş planın mərhələli şəkildə icrası nəticəsində Laçın yaxın gələcəkdə yüksək həyat keyfiyyətinə, rəqabətqabiliyyətli iqtisadi struktura və ətraf mühitlə harmoniyada olan inkişaf modelinə malik nümunəvi şəhərlərdən birinə çevriləcək.