2-ci Milli Şəhərsalma Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nazirlərinin dəyirmi masası təşkil edilib
Ermənistan silahlı qüvvələrinin 30 illik işğalından azad edilən Zəngilanda sentyabrın 29-da Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi olan 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA2) sentyabrın 30-da Bakıda keçirilən sessiyaları ilə paralel Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nazirlərinin dəyirmi masası təşkil edilib.
“Davamlı urbanizasiya vasitəsilə dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün regional çağırışlar və əməkdaşlıq imkanları” adlı dəyirmi masada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev salamlama nitqi ilə çıxış ediblər və görüşün əhəmiyyətinə toxunublar. Çıxışlarda regional səviyyədə dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün çağırışlar və əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Eyni zamanda, iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyalar ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif də iştirak edib. O, Azərbaycan hökumətinin təşkilatçılığı ilə keçirilən 2-ci Milli Şəhərsalma Forumu çərçivəsində baş tutan TDT-yə üzv ölkələrin nazirlərinin dəyirmi masasında iştirakdan məmnunluğunu bildirib və uğurlar arzulayıb.
Hər bir ölkə təmsilçisi seçdiyi mövzu ilə bağlı bir nümunə təqdim edib.
Müzakirələrdə davamlı inkişaf üçün regional tərəfdaşlıqların təşviqi məsələləri ətrafında söhbət aparılıb. Dəyirmi masada regional nəqliyyat qovşaqlarının və dəhlizlərinin təşviqi yolu ilə əlaqələrin bərpası və türk dövlətlərinin iqtisadi potensialının tətbiqi, o cümlədən şəhərlərin təkmilləşdirilməsi üzrə birgə layihələrin maliyyə imkanlarının araşdırılması, regional əməkdaşlıq vasitəsilə şəhərlərin iqlim dəyişikliyinə və risklərin azaldılmasına adaptasiyası, multimodal dayanıqlı şəhər hərəkətliliyində dövlət-özəl tərəfdaşlığı, çirklənmiş sənaye ərazilərinin və torpaq sahələrinin innovativ bərpasına ortaq investisiyaların yatırılması kimi məsələlər müzakirə mövzusu olub. Həmçinin gələcək əməkdaşlıq və tərəfdaşlıq üçün niyyət planı hazırlanıb.
Qeyd edək ki, TDT-yə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi ölkə kimi daxildir.