Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Ağdamda Şəhərsalma məsələləri üzrə İşçi qrupunun iclası keçirildi
Ağdamda Şəhərsalma məsələləri üzrə İşçi qrupunun iclası keçirildi

Ağdam şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzinin Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Nüsrət Süleymanov, “Azərişıq”, “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı”, ANAMA, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və digər qurumların təmsilçiləri iştirak ediblər.

 

İclasda işğaldan azad edilmiş Ağdam şəhərində aparılan tikinti-quruculuq fəaliyyəti ilə əlaqədar layihələndirmə işləri, bununla paralel olaraq həyata keçirilən minatəmizləmə əməliyyatları haqqında ətraflı məlumat verilib. Həmçinin daxili yol-küçə şəbəkəsinin planlaşdırılması, yaşayış məntəqələrinin elektrik enerjisi və su ilə təminatı məsələləri, eləcə də digər infrastruktur obyektlərinin bərpası istiqamətində görüləcək işlər müzakirə edilib.

 

İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov bildirib ki, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planında hər bir yaşayış məntəqəsi üçün konkret hədəflər müəyyən edilib və işçi qrupda təmsil edilən bütün qurumlar nəzərdə tutulan işlərin həyata keçirilməsi istiqamətində səfərbər olunmalıdır. Bu il işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinə başlanılacağını deyən İşçi qrupunun rəhbəri bildirib ki, Ağdam şəhərində və kəndlərdə ərazi planlaşdırma işləri artıq yekunlaşıb, bundan sonrakı mərhələdə kəndlərin tikintisinə başlanılacaq.  

 

İclasda çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov da Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ iqtisadi rayonunda görülən işlərdən, nəzərdə tutulan layihələrdən danışıb. Bildirib ki, Tərtər rayonunun Talış kəndində tikinti işlərinin birinci mərhələsi yekunlaşmaq üzrədir, fevralın sonunadək bu iş başa çatdırılacaq və həmin ərazi 20 ailənin köçürülməsi üçün hazır vəziyyətə gətiriləcək. Ümumilikdə 2024-2026-cı illərdə Ağdam rayonunda 9690, Füzuli rayonu üzrə 5634, Tərtər rayonu üzrə 368, Xocavənd rayonu üzrə 307 olmaqla, cəmi 15 min 999 fərdi ev və mənzilin tikilməsi planlaşdırılır.

 

İclasda çıxış edən Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Nüsrət Süleymanov Əlaqələndirmə Qərargahının ötən iki ildən artıq dövr ərzində fəaliyyətindən, qarşıda duran işlərdən danışıb. 2023-cü ildə işğaldan azad olunan ərazilərdə həyata keçirilən tikinti-quruculuq işlərinin miqyas və dinamikasının daha da artacağı qeyd edilib. Məsələlərin yerində müzakirə olunması, müvafiq ərazilərə və layihələrə baxışlar keçirilməsini təmin etmək məqsədilə İşçi qrupların iclaslarının işğaldan azad olunmuş ərazilərdə keçirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov Ağdam şəhərində həyata keçirilən tikinti-quruculuq işlərinin icra vəziyyəti barədə məlumat verib. Minatəmizləmə işləri, şəhərin sosial-iqtisadi infrastrukturun, yol-nəqliyyat şəbəkəsinin qurulması haqqında danışıb. Bununla yanaşı, Ağdamın 1 nömrəli məktəbində, həmçinin tarixi-mədəni abidələr də aparılan restavrasiya işləri, şəhərdaxili yaşayış məhəllələrinin konsept həllərinin işlənilməsi haqqında məlumat verib. Bildirilib ki, yaxın müddətdə bir sıra yaşayış məhəllələrinin tikintisinə başlanılması nəzərdə tutulub. Dövlət Proqramına əsasən 2026-cı ilin sonunadək Ağdam şəhəri və ətraf kəndlərə 42 min adamın köçürülməsi qarşıya məqsəd qoyulub.

 

İclasda qeyd edilib ki, Ağdam şəhərinin Baş Planına əsasən inzibati ərazinin layihələndirilməsi istiqamətində işlərə başlanılıb. Barada əhalinin sosial həyatını təmin etmək məqsədilə 300 hektar ərazisi olan Meşə Parkı və Mərkəzi Park salınacaq. Qarabağ İqtisadi rayonunun “yaşıl enerji” zonası elan olunması ilə əlaqədar olaraq Ağdam şəhərində mərkəzi istilik sisteminin yaradılacaq.

 

İclasdan sonra tədbir iştirakçıları Ağdam şəhərində tikilən yaşayış binaları və 1 nömrəli məktəbə baxış keçiriblər.



Bütün xəbərlər