Astara şəhərinin 2039-cu ilədək olan dövr üçün inkişaf prioritetləri müəyyən edildi
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il XX iyun tarixli, XXX nömrəli Qərarı ilə “Astara şəhərinin 2039-ci ilədək inkişafına dair Baş Planı” təsdiq edilib.
Azərbaycanın cənub bölgəsində, Xəzərin sahilində yerləşən və 1945-ci ildən şəhər statusu almış Astaranın yeni Baş Planında şəhərin səmərəli inkişafının təmin edilməsi, mövcud torpaq ehtiyatlarının rasional istifadəsi və sosial infrastrukturun əlçatanlığının artırılması qarşıya məqsəd qoyulmuşdur. Sənəddə şəhərin mövcud planlaşdırma strukturunun saxlanılması və inkişaf etdirilməsi, yaşayış məhəllələrinin sıxlaşdırılması, mərtəbəliliyin daha da artırılması, istismar müddəti bitmiş qəzalı tikililərin yenilənməsi və müasir çoxmənzilli yaşayış komplekslərinin yaradılması, dənizkənarı rekreasiya və çoxfunksiyalı zonaların formalaşdırılması əsas hədəflər içərisindədir.
Proqnozlara əsasən, 2039-cu ilə şəhər əhalisinin sayı 22 500 nəfərə çatacaq. Mənzil fondunun yenilənməsi hesabına artım 60 faiz təşkil edəcək ki, nəticədə adambaşına düşən mənzil sahəsi orta hesabla 18,7 m2-dən 30 m2-dək yüksələcək. Belə ki, köhnəlmiş yaşayış yerlərində orta (5-8) mərtəbəli və Astaranın şəhərsalma təcrübəsində ilk dəfə tətbiq ediləcək yüksək (9 və daha çox) mərtəbəli binalardan ibarət kompekslərin inşası planlaşdırılır. Yeni yaşayış massivlərinin mərkəzlərində isə sakinlər üçün əlverişli və rahat şəhər mühitinin, istirahət yerlərinin formalaşdırılması üçün yaşıl rekreasiya zonalarının yaradılması təklif edilir.
Baş planda əhalinin artımı və sosial ehtiyaclar nəzərə alınmaqla, şəhər infrastrukturunun təkmilləşdirilməsi və mövcud obyektlərin yenilənməsi planlaşdırılır. Belə ki, 2039-cu ilə qədər məktəbəqədər təhsil müəssisələrində tələb 1350 yer təşkil edəcək. Məktəb yerlərinin ümumi sayı isə 1060 əlavə yer olmaqla, 3010-dan 4070-ə çatdırılacaq. Həmçinin Astara şəhəri rayon mərkəzi olduğundan burada fəaliyyət göstərən yeni səhiyyə, mədəniyyət və ictimai-iaşə obyektlərinin təqdim etdiyi müasir xidmət və imkanlardan həm şəhərin, həm də ətraf kəndlərin sakinləri yararlana biləcəklər.
Rayonda kənd təsərrüfatının – çayçılığın, sitrus meyvəçiliyinin və tərəvəzçiliyin inkişafı nəzərə alınmaqla, həmçinin Astara şəhərində iri sənaye müəssisələrinin olmaması səbəbindən şəhər ətrafında çay fabriki, çörək zavodu və digər istehsal obyektlərini əhatə edən sənaye zonası yaradılacaq. Bununla yanaşı, birinci mərhələdə hazırda şəhərin yaşayış zonalarında yerləşən kiçik sənaye müəssisələrinin bir hissəsinin bu sənaye zonasına köçürülməsi planlaşdırılır.
Şəhər infrastrukturunun mühüm hissəsi olan nəqliyyat şəbəkəsinin də təkmilləşdirilməsi nəzərdə tutulur. Xüsusilə, hesabat dövrünün sonunda magistral küçə və yolların uzunluğunun 50% artırılaraq 33 km-ə, ictimai nəqliyyat şəbəkəsinin uzunluğunun isə hazırkı avtobus xəttinə nisbətən 238,5% artırılaraq 22 km-ə çatdırılması, eləcə də nəqliyyat infrastrukturunun inkişafı, mobilliyin artırılması çərçivəsində velosiped və piyada marşrutlarının yaradılması təklif edilir.
Astara şəhəri təbii-iqlim şəraiti baxımından yaşıllaşdırma üçün əlverişli bir zonada yerləşir. Hesabat dövrünədək ümumi istifadədə olan yaşıllıqların sahəsi 22,5 hektara çatdırılacaq ki, nəticədə şəhər əhalisi üçün adambaşına orta hesabla 10 m² yaşıllıq düşəcək. Bununla yanaşı, Xəzər dənizi sahilyanı zonasında bulvarın salınması, istirahət və sağlamlıq kompleklərinin inşası Baş plana əsasən diqqətdə saxlanılacaq. Rekreasiya zonaları yaşıl mühiti ilə əhalinin və turistlərin istirahət ehtiyaclarını qarşılayacaq.
Astara şəhərinin 2039-cu ilədək inkişafına dair Baş Plan şəhərin təbii xüsusiyyətlərini nəzərə alaraq, mövcud urbanistik strukturu qorumaqla bərabər müasir şəhər mühitinin formalaşdırılmasına təkan verəcək, Astarada dayanıqlı inkişaf, ekoloji tarazlıq, sosial rifah və turizm potensialını gücləndirəcəkdir.