Azərbaycanın tikinti sektorunun inkişafına dair yeni kitab nəşr edilib
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycanda tikinti: reallıqlar və inkişaf istiqamətləri” adlı kitab çapdan çıxıb. Kitabda müstəqillik illərində ölkənin yüksəlişi, sosial-iqtisadi inkişafında həyata keçirilən tikinti quruculuq işlərindən bəhs edilib, həmçinin Ulu öndər Heydər Əliyevin 1969-1982, 1993-2003-cü illərdə tikinti kompleksinin inkişafındakı xidmətləri faktlarla öz əksini tapıb.
Sözügedən vəsaitdə ölkənin iqtisadi inkişafında tikinti sahəsinin rolu müxtəlif istiqamətlərdən araşdırılaraq təsvir edilib. İnşaatın sahələrarası əlaqələri, əsas kapitala investisiyaların qoyuluşu, sosial obyektlərin tikintisi və inşaat materialları istehsalı məsələlərinə dair geniş məlumat verilib. Bununla yanaşı, ötən dövr ərzində hər bir iqtisadi rayon üzrə dövlət proqramlarının icra vəziyyəti statistik rəqəmlərə istinad edilməklə göstərilib. Kitabda tikintinin təşkili və idarə edilməsi, layihə-axtarış işlərinin təkmilləşdirilməsi və maddi-texniki bazanın regional səviyyədə inkişafının sürətləndirilməsi məsələləri şərh olunub.
Kitabın müəllifi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Eldar Nuriyevdir. O, tikinti sahəsinin inkişafına dair çoxsaylı elmi əsərlərin, kitab və nəşrlərin, monoqrafiyaların müəllifidir. Vəsait tikinti sahəsində çalışan və bu sahə ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabı əldə etmək istəyənlər Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutuna müraciət edə bilərlər.