Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Dəliməmmədli şəhərinin yeni Baş planı təsdiq edildi
Dəliməmmədli şəhərinin yeni Baş planı təsdiq edildi

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən ölkəmizdə son illər şəhərsalma sahəsində aparılan islahatlar, kompleks planlaşdırma və sistemli fəaliyyətin təşkili üzrə reallaşdırılan layihələr çərçivəsində şəhərlərimizin gələcək inkişafının əsasını təşkil edən Baş planlarının hazırlanması prosesi uğurla davam etdirilir.

 

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında hazırlanan növbəti belə ərazi planlaşdırılması sənədi – Goranboy rayonunun Dəliməmmədli şəhərinin 2040-cı ilə qədərki dövr üçün nəzərdə tutulan Baş planı Nazirlər Kabinetinin 6 iyul 2023-cü il tarixli müvafiq Qərarı ilə təsdiq edilib.

 

 

Dəliməmmədli yaşayış məntəqəsi 1991-ci ildə şəhər statusu alıb. Dəliməmmədlinin ilk Baş planı 1981-ci ildə işlənilmişdir. Təsdiq olunmuş yeni sənəd şəhərin 2-ci Baş planıdır.

Şəhərin ümumi sahəsi 411,5 ha, əhalisi isə 5,6 min nəfər təşkil edir.

Yeni Baş plan şəhərin ümumi memarlıq-planlaşdırma quruluşu, tarixi inkişaf mərhələləri, ərazinin iqlim və relyef xüsusiyyətləri, nəqliyyat və mühəndis kommunikasiyaları sistemləri nəzərə alınaraq işlənib.

Dəliməmmədli strateji coğrafi mövqeyə malikdir – “Şərq-Qərb” (“İpək Yolu”) yolunun, Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya infrastrukturunun, habelə Bakı-Tiflis-Qars dəmir yolunun keçdiyi marşrutlar üzərində yerləşir. Şəhərin əhəmiyyətli logistik mərkəz tarixinin simvolu hələ 1883-cü ildə tikilmiş və bu gün də fəaliyyət göstərən dəmir yolu stansiyasıdır.

 

Yeni Baş planın əsas məqsədi – əsrlərlə formalaşmış yaşayış məntəqəsinin müasir şəhərsalma standartlarına uyğun gələcək inkişafını təmin etməkdir.

2040-cı ildə şəhər əhalisinin 28% artaraq 7,2 min nəfərə çatdırılacağı proqnozlaşdırılır. Əhalinin artım tempinə uyğun olaraq Baş planda yaşayış fondunun ümumi sahəsinin 78,3 min m2-dən 108 min m2-dək genişlənəcəyi planlaşdırılıb.

Şəhərin əsas planlaşdırma oxu və işgüzar mərkəzi əsasən T.Əkbər küçəsi və  Bakı-Böyük Kəsik dəmir yolu boyunca formalaşmışdır. Bu planlaşdırma oxunu canlandırmaq və müasir şəhərsalma tələblərinə cavab verməsini təmin etmək məqsədilə Baş planda küçə boyunca fiziki və mənəvi cəhətdən köhnəlmiş 1-2 mərtəbəli yaşayış binalarının və xırda ticarət və iaşə obyektlərinin ərazisində yeni az və orta mərtəbəli binalardan ibarət yaşayış komplekslərinin inşası nəzərdə tutulur.

Baş planla Dəliməmmədli şəhərində ilk dəfə 5 mərtəbədən yüksək binaların inşa edilməsi təklif olunur ki, bu da müvafiq məhəllələrdə görkəmli ictimai və yaşayış binaları layihələndirməklə şəhərin ümumi kompozisiyasına ifadəli siluet yaratmaq imkanını yaradır.

 

 

Yeni Baş planla şəhərin gündəlik həyatının dinamikasını təmin etmək üçün vahid nəqliyyat infrastrukturunun inkişafı, yolların uzunluğunun artırılması nəzərdə tutulur. Yaxın gələcəkdə küçə-yol, piyada və velosiped infrastrukturu Dəliməmmədli sakinlərinə müxtəlif funksional zonalar arasında rahat, sürətli və təhlükəsiz hərəkət etməyə imkan verəcək. Baş plana uyğun olaraq, şəhər ərazisində #nəqliyyat və küçə-yol şəbəkəsi vahid sistem şəklinə salınıb və 2040-cı ilə qədər küçə-yol şəbəkəsinin 36,3 km-ə, magistral küçə və yolların 14,4 km-ə qədər artırılması nəzərdə tutulub.

 

 

Dəliməmmədli şəhərinin növbəti inkişaf dövrünü əhatə edən Baş planda əhalinin məşğulluğu məsələsinə də xüsusi diqqət yetirilib. Belə ki, şəhərin ümumilikdə 17,2 ha təşkil edən ictimai-işgüzar zonasında ticarət, iaşə obyektləri və digər xidmət müəssisələrinin tikintisi nəzərdə tutulub. Eyni zamanda, Bakı-Tiflis-Qars dəmir yolunun Dəliməmmədlinin sosial-iqtisadi potensialına müsbət təsiri imkanları nəzərə alınaraq, şəhərin şərqində inkişaf etdiriləcək sənaye zonasında istehsal gücü artırılan və ya yeni tikiləcək müəssisələrin layihələndirilməsi planlaşdırılır.

Ümumilikdə, şəhərin strateji ərazidə yerləşməsi, yenilənəcək şəhər infrastrukturu və istehsalı potensialı onun sahibkarlıq cəlbediciliyinin artırılması və tədricən regional əhəmiyyətli logistik və aqrar mərkəzə çevrilməsi imkanlarını şərtləndirir.

 

 

Ölkəmizdə 20 illik perspektivə hədəflənən baş planlarda bir qayda olaraq ekoloji nöqteyi nəzərdən sağlam yaşayış mühitinin formalaşdırılması, əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün rahat şəraitin yaradılması həmçinin prioritet istiqamətlərdən biridir. Bu məqsədlə Baş planda Dəliməmmədli sakinlərinin istirahətə olan tələbatını ödəmək üçün layihədə arakəsilməz və bütün şəhəri əhatə edən ümumi istifadəli yaşıllıq sistemi nəzərdə tutulmuşdur. Bu yaşıl məkanlar sistemi şəhərin müxtəlif yerlərində yerləşən ayrı-ayrı park və bağları bir biri ilə əlaqələndirərək, şəhərin ekoloji və sanitar-gigiyenik şəraitini yaxşılaşdıracaq, insanların sağlamlığına müsbət təsir edəcək.

 

Dəliməmmədli şəhərində bu istiqamətdə mühüm dəyişikliklər edilməklə, 2040-cı ilə qədər ümumi istifadədə olan park və yaşıllıq ərazilərinin 11 dəfə artırılaraq 13,92 hektara çatdırılacağı nəzərdə tutulub. Xüsusilə, açıq havada idman sahələrinin inkişaf etdirilməsi üçün Baş planda 6,48 ha sahə ayrılıb. Həmçinin, şəhəri piyadayönümlü etmək və insanların mobilliyinin artırılması məqsədilə velosiped zolaqlarının salınması planlaşdırılıb.

 Eyni zamanda, şəhərdə yerləşən idman komplekslərinin sahələrinin 2 dəfə böyüdərək, 1077 m2 çatdırılması nəzərdə tutulub.

Əhalisi artan şəhərin, təbii ki, təhsil yerlərinin də artmasına ehtiyacı yaranacaq. Bu məqsədlə 2040-cı ilə qədər məktəbəqədər təhsil müəssisələrində yerlərin 380-ə, ümumtəhsil müəssisələrində isə 1080-ə qədər artırılacağı nəzərdə tutulub.

 



Bütün xəbərlər