Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqə proqramına start verir
Komitə Qarabağda Sarıcanlı, Horadiz, Böyük Mərcanlı, Zar, Şəlvə kəndlərinin və Xudafərin qəsəbəsinin memarlıq planlaşdırma həlləri üzrə müsabiqədə iştirak etməyə dəvət edir.
Müsabiqə proqramı www.bizimqarabagh.az saytında təqdim edilir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən Ermənistanın 30 illik işğalçı siyasətinə son qoyulub və ölkəmiz 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq regionda təhlükəsizliyin, ədalətin bərqərar olması və öz ərazi bütövlüyünün bərpa edilməsinə nail olub. İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən, Əlaqələndirmə Qərargahı, İdarələrarası Mərkəz və müvafiq sahələr üzrə İşçi Qrupları yaradılıb.
Dövlət başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin yenidənqurulması və bərpası, dağıdılmış yaşayış məntəqələrinin baş planlarının və digər ərazi-planlaşdırma sənədlərinin hazırlanması, şəhərsalma proseslərinin sistemli və əlaqələndirilmiş şəkildə təşkili üçün Əlaqələndirmə Qərargahının nəzdində yaradılmış Şəhərsalma Məsələləri üzrə İşçi Qrupu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi ilə uğurla fəaliyyət göstərməkdədir.
1 iyul tarixində Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun geniş tərkibli növbəti 15-ci iclasında Qarabağın dirçəldilməsi üzrə görülən kompleks planlaşdırma işlərinin davamı olaraq regionun bir neçə kənd və qəsəbələri üçün memarlıq planlaşdırma həlləri üzrə “Qədim Qarabağın yenilənən siması” adlı açıq müsabiqənin keçirilməsi barədə qərar qəbul olundu.
Aidiyyəti dövlət qurumlarının təmsil olunduğu işçi qrupun iclasını açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad olunmuş ərazilərin bərpasının planlı və sistemli təşkili üçün Komitə tərəfindən Qarabağ regionunun şəhərsalma konsepsiyasının və ərazi-planlaşdırma sənədlərinin hazırlanması üzrə işlərin sürətlə və əlaqəli şəkildə davam etdirildiyini, bu məqsədlə bir sıra yerli və nüfuzlu beynəlxalq şirkətlərin cəlb edildiyini bildiridi. Qeyd edildi ki, ötən müddət ərzində regionun Ümumi planının hazırlanması çərçivəsində şəhərlərin, bir çox kənd və qəsəbələrin sərhədləri dəqiqləşdirilmiş, müvafiq ərazi-planlaşdırma sənədlərinin işlənməsinə başlanılmışdır. Buna paralel olaraq, uzun illər işğal altında olmuş yaşayış məntəqələrinin, xüsusən də əhalinin böyük hissəsinin yaşadığı kənd ərazilərinin tarixinə əsaslanaraq gələcək simasının, memarlıq planlaşdırma həllərinin müəyyən edilməsi də mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunanları nəzərə alaraq, Qarabağın öz qədimliyini, tarixiliyini, memarlıq ənənələrini qoruyaraq yenidən canlandırmaq və burada milli ruhun müasir tələblərə cavab verən infrastrukturla vəhdətini təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Memarlar İttifaqı və “Bakı Abadlıq Xidməti” MMC ilə birgə təşkil olunan memarlıq planlaşdırma həlləri üzrə “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqə proqramına start verir.
Qarabağın bir sıra kənd və qəsəbələrini əhatə edəcək müsabiqə proqramının ilk mərhələsində təqdim olunan layihələrdə Ağdam rayonunun Sarıcanlı, Füzuli rayonunun Horadiz, Kəlbəcər rayonunun Zar, Laçın rayonunun Şəlvə və Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndlərində, həmçinin Cəbrayıl rayonunun Xudafərin qəsəbəsində yaşayış məskənlərinin gələcək sosial, iqtisadi, texnoloji inkişafının həlledici istiqamətləri, milli memarlıq ənənələrinə bağlılıq və müasir həllərin mümkün inteqrasiyası, yüksək bədii-estetik görünüşün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.
Ümumi mükafat fondu 60000 manat olan müsabiqədə layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər. İştirakçılar yuxarıda qeyd olunan kəndlərdən birini və ya bir neçəsini seçmək hüququna malik olsalar da, seçilmiş hər bir ərazi üzrə ayrılıqda bir layihə təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər 15 iyul 2021-ci il tarixinədək qeydiyyatdan keçməli, layihələr isə 31 iyul 2021-ci il saat 18:00-dan gec olmayaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tam tərkibdə təqdim olunmalıdır. Müsabiqədə iştirak üçün hər hansı ödəniş tələb olunmur.
15 avqust 2021-ci il tarixində elan olunacaq nəticələrə əsasən münsiflər heyətinin seçdiyi 3 nəfər mükafatlandırılacaq. 1-ci yerin sahibi 5000 manat mükafat və 1-ci dərəcəli diplomla, 2-ci yerin sahibi 3000 manat və 2-ci dərəcəli diplomla, 3-cü yerin sahibi isə 2000 manat və 3-cü dərəcəli diplomla təltif olunacaqlar. Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim ediləcək. Qeyd edək ki, müsabiqənin əhatə etdiyi kəndlərdə bərpa-quruculuq işləri aparılacağı təqdirdə qalib gələn layihələr nəzərə alınacaq.
Layihədə maraqlı şəxslər qeydiyyatdan keçmək, habelə müsabiqə tapşırığı, iştirak şərtləri, qaydalar və digər detallarla tanış olmaq üçün bu məqsədlə xüsusi hazırlanmış “Qədim Qarabağın yenilənən siması” internet səhifəsini (www.bizimqarabagh.az) ziyarət etməyə dəvət olunur.
İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sistemli və surətli şəkildə aparılması, həmçinin memar, urbanist və layihəçiləri hər birimizin qürur mənbəyi olan Qarabağda baş verən şəhərsalma proseslərində yaxından iştirakını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən digər kəndləri də əhatə edəcək müsabiqə proqramlarının həyata keçirilməsi planlaşdırılır.