Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirildi
24 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilmişdir.
İclası giriş nitqi ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən sistemli çoxşaxəli islahatlar sayəsində ölkəmizdə davamlı sosial-iqtisadi inkişaf təmin edilmişdir. Qeyd edildi ki, mərkəzində Azərbaycan Respublikasının vətəndaşı və onun mənafeləri dayanan dövlət siyasətinin reallaşdırılması idarəçiliyin səmərəliliyinin artırılmasına, iqtisadiyyatın bütün sektorlarında əhəmiyyətli irəliləyişə, əhalinin rifah halının yaxşılaşdırılmasına və ölkədə həyat keyfiyyətinin yüksəlməsinə xidmət etmişdir. Bir çox digər sektorlarda olduğu kimi, xüsusi sosial-iqtisadi əhəmiyyətə malik olan şəhərsalma və tikinti fəaliyyətinin təşkilində də hesabat dövründə ciddi islahatlar həyata keçirilmiş, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, sahibkarlığın inkişafına xidmət edən mühüm layihələrin icrası davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01.08.2018-ci il tarixli 226 nömrəli Fərmanına və şəhərsalma proseslərini planlı, sistemli və şəhərsalma qanunvericiliyinin tələblərinə uyğun təşkil etmək, bu sahədə dövlət nəzarətini gücləndirmək məqsədilə qəbul etdiyi digər qərarlara əsasən, Komitənin bununla əlaqədar məsuliyyəti artırılmış, yeni fəaliyyət istiqamətləri üzrə işi 2019-cu ildə də uğurla davam etdirilmişdir. Anar Quliyev xüsusi vurğuladı ki, Komitənin mütəxəssisləri tərəfindən hesabat dövründə tikinti sifarişçiləri ilə aparılan maarifləndirmə işi və qurulmuş qarşılıqlı əməkdaşlıq nəticəsində hazırlanan və baxılması üçün Komitəyə təqdim olunan yeni layihələrin keyfiyyətində, onların şəhərsalma qanunvericiliyinin tələblərinə və müvafiq normalara cavab verməsi baxımından müsbət dinamika müşahidə olunur.
Genişləndirilmiş səlahiyyətləri çərçivəsində Komitənin sərəncamları ilə 2019-cu il ərzində təsdiq olunmuş və ölkə üzrə tikintiyə icazələrin verilməsi üçün əsas olan 371 şəhərsalma əsaslandırılması ilə inşası nəzərdə tutulan tikinti obyektlərinin yerüstü mərtəbələrinin ümumi sahəsi 4.647.211 m2 təşkil edir ki, bu sahənin 2.520.808 m2 təşkil edən hissəsi mənzillər təşkil edəcək.
Eyni zamanda, hesabat dövründə Komitə tərəfindən Bakı şəhərində ümumi sahəsi təqribən 1.000.000 m2 təşkil edən tikinti obyektlərinin tikintisinə icazələr verilmişdir.
Bununla yanaşı, hesabat dövründə Komitə tərəfindən Bakı şəhəri üzrə ümumi sahəsi 10.397.148 m2 təşkil edən tikinti obyektlərinin istismarına icazə verilmişdir, ki bu sahənin 7.154.015 m2 təşkil edən hissəsi mənzillərin payına düşür. Bunlardan ümumi sahəsi 9.532.857 m2, mənzillərin sahəsi isə 6.736.933 m2 təşkil edən yaşayış binalarının istismarına icazə Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19.02.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq verilmişdir.
Komitə sədri qeyd etdi ki, ötən illər ərzində bəzi çoxmənzilli yaşayış binalarının tikintisinin şəhərsalma qanunvericiliyinin tələblərinə tam riayət olunmadan aparılması səbəbindən həmin binaların rəsmiləşdirilməsində və sakinlərinin yaşadıqları mənzillər üzərində mülkiyyət hüquqlarının tanınmasında olan çətinlikləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin imzaladığı bu inqilabi Fərman ölkə vətəndaşlarının hüquq və maraqlarının hər şeydən üstün olduğunu bir daha nümayiş etdirib. Fərmanla bir sıra dövlət qurumlarının vəzifələri müəyyənləşdirilib, belə binaların istismarına icazə prosedurunun və müddətinin optimallaşdırılması, bu sahədə şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə tapşırıqlar verilib.
Sözügedən Fərman çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən belə binaların dayanıqlığı və təhlükəsizliyi ilə bağlı təqdim olunmuş müsbət rəylər əsasında Bakı şəhəri üzrə Komitə tərəfindən, ölkənin digər şəhərləri üzrə isə aidiyyəti yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş istismara icazələr əsasında ümumilikdə 74.046 ailənin mənzil üzərində mülkiyyət hüquqlarının təsdiq olunması mümkün olacaq.
Anar Quliyev çıxışında, Azərbaycan Respublikası Prezidentinin tikintiyə və istismara icazə prosedurunun rəqəmsallaşdıraraq sadələşdirilməsi, sahibkarlar üçün rahat və şəffaf olması ilə bağlı Komitə qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində 2019-cu ildə görülmüş işlərə də toxundu.
Bildirildi ki, dövlət başçısının “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 28.12.2018-ci il tarixli 460 nömrəli Fərmanına əsasən, Bakı şəhəri üzrə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən elektron müraciət sistemi hazırlanaraq istifadəyə verilib. Məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, şəffaflığın və istifadədə rahatlığın təmin edilməsinə hədəflənən “Bir pəncərə” sisteminə hesabat dövründə onlarla istifadəçinin elektron formada edilmiş müraciəti Komitənin mütəxəssisləri tərəfindən emal olunaraq elektron qaydada icazələr verilib. Sistem vasitəsilə Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə icazəni 15 iş günü müddətində, istismarına icazəni isə 10 gün müddətində əldə etmək mümkündür. Bu növ tikinti obyektləri üçün hər iki icazə pulsuzdur və sifarişçi tərəfindən hər hansı ödənişin edilməsi tələb olunmur.
İstifadəyə verilmiş sistem ilkin mərhələdə yalnız Bakı şəhəri üzrə fəaliyyət göstərsə də, hesabat dövründə aparılmış təkmilləşdirilmə nəticəsində 2019-cu ilin sonuna ölkənin 56 yerli icra hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinin sistemə qoşulması təmin edilmiş, ölkənin digər şəhərlərində də elektron icazələrin verilməsi üçün şərait təmin edilmişdir.
O da vurğulandı ki, “Bir pəncərə” elektron sisteminin təkmilləşdirilməsi işi davam etdirilir və bir neçə gün öncə ekspertizası tələb olunan obyektlərin də istismarına icazələrin portal vasitəsilə verilməsinə test rejimində başlanılıb. Şəffaflığın təmin edilməsi üçün icazə icraatında tələb olunan ödənişlərlə bağlı kalkulyator hazırlanaraq birpencere.arxkom.gov.az portalında yerləşdirilib, habelə icazə icraatında həyata keçiriləcək ödənişlər elektronlaşdırılıb. Perspektivdə bu növ obyektlərin həm də tikintisinə icazələrin portal vasitəsilə verilməsi planlaşdırılır.
Komitə sədri qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və birbaşa nəzarəti altında son illər ərzində paytaxt Bakı və ölkənin digər şəhərlərində böyük quruculuq və abadlaşdırma işləri aparılır, xalqın tarixi-memarlıq irsinin qorunmasına xüsusi diqqət ayrılır, şəhər infrastrukturu təkmilləşdirilir, yeni möhtəşəm binalar, parklar, yaşayış kompleksləri, biznes mərkəzləri istifadəyə verilir. Ölkə başçısı tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında qoyulmuş əsas vəzifələrdən biri şəhərlərimizin gələcək səmərəli inkişafını təmin etmək məqsədilə şəhərsalmanın planlı və sistemli aparılması, əsas ərazi planlaşdırılması sənədlərinin aparıcı dünya təcrübəsi nəzərə alınaraq hazırlanmasıdır.
Bildirildi ki, Komitə tərəfindən 2018-ci ildə əməkdaşlığa cəlb olunmuş “BCG” nüfuzlu beynəlxalq məsləhətçi şirkətinin dəstəyi ilə hazırlanmış Bakının İnkişaf Konsepsiyası əsasında şəhərin Baş planının hazırlanması istiqamətində kompleks işlər 2019-cu ildə də qrafikə uyğun davam etdirilib. Keçirilmiş beynəlxalq tender vasitəsilə seçilmiş, qərargahı Almaniyada yerləşən tanınmış “AS+P” şəhərsalma şirkəti şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılmasına, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlərin görülməsinə başlayıb. Bakının baş planının hazırlanması prosesinin əlaqələndirilməsi məqsədilə Komitə tərəfindən yaradılmış qurumlararsı işçi qrupun hesabat dövründə keçirilmiş 4 geniş tərkibli iclası və 70-ə yaxın ikitərəfli görüşlər nəticəsində beynəlxalq və yerli ekspertlərin şəhərin gələcək inkişafının əsas prinsiplərinə dair irəli sürdüyü təşəbbüslər müzakirə edilmiş, paytaxtın əsas şəhərsalma yanaşmaları razılaşdırılmışdır. Bakı şəhərinin Baş planının layihəsi üzərində işlərin cari ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Bununla yanaşı bildirildi ki, Komitə tərəfindən respublikanın digər şəhərlərinin Baş planlarının və müfəssəl planlaşdırma layihələrinin işlənilməsi prosesi də davam edib. 2019-cu ildə Şəmkir, Göygöl, Xaçmaz, Salyan, Masallı, Tovuz, Quba və Biləsuvar şəhərlərinin baş planları Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Hazırda Komitənin sifarişi əsasında Bakı ilə yanaşı hazırlanmasına 2018-ci və 2019-cu illərdə start verilmiş daha 10 şəhərin (Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad, Kürdəmir, Goranboy, Gədəbəy, Astara və Gəncə) baş planlarının hazırlanması işi müxtəlif mərhələlərdə davam etdirilir.
Eyni zamanda, aidiyyəti yerli icra hakimiyyəti orqanlarının sifarişləri əsasında hazırlanan daha 10 şəhərin (Şəki, Qax, Ağsu, Yevlax, Sumqayıt, Ağstafa, Xırdalan, Şamaxı, Mingəçevir, Salyan) ərazilərini əhatə edən müfəssəl plan layihələri hesabat dövründə Komitədə təhlil edilib, bir hissəsi ilə bağlı rəylər bildirilmişdir.
Anar Quliyev, həmçinin, şəhərsalma qanunvericiliyinin tələblərinə cavab verməyən tikintilərlə mübarizə sahəsində görülmüş işlər, Komitənin bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə əməkdaşlığı mövzusuna da toxundu. Bildirildi ki, 2019-cu ildə Komitə tərəfindən səyyar və kameral qaydada 15 şəhər və rayonda ümumilikdə 1866 tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmada nöqsanlar qeydə alınıb, onların aradan qaldırılması məqsədilə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına icrası məcburi olan göstərişlər ünvanlanıb. Bununla yanaşı Tikintilərin Dövlət reyestrinin aparılması qaydalarının pozulmasına, yəni tikintiyə və istismara verilmiş icazələr barədə məlumatların qanunla müəyyən edilmiş müddətdə Komitəyə təqdim edilmədiyinə görə 22 şəhər və rayon üzrə ümumilikdə 255 inzibati xəta ilə bağlı protokollar tərtib edilib.
Daha sonra Komitənin Aparatının vəzifəli şəxsləri 2019-cu ildə aidiyyəti sahələr üzrə fəaliyyətə dair hesabat məruzələri ilə çıxış etdirlər.
İclas çərçivəsində, Komitə tərəfindən hazırlanmış 3 texniki normativ hüquqi akt layihəsi müzakirəyə çıxarılaraq kollegiyanın qərarı ilə təsdiq edilmişdir.