Paytaxtda memarlıq layihələndirilməsində tendensiyalar və perspektivlər mövzusunda müşavirə keçirilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Memarlar İttifaqı ilə birgə “Bakı şəhərində tikilən binaların memarlıq layihələndirməsində tendensiyalar və perspektivlər” mövzusunda seminar-müşavirə keçirib. Tədbirdə müvafiq qurumların rəhbərləri, 15-ə yaxın layihə təşkilatının nümayəndələri və memarlar iştirak edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tövsiyələrinə əsasən baş tutan tədbirin keçirilməsində məqsəd tikinti icraatı çərçivəsində hazırlanan layihələrin keyfiyyətinin yüksəldilməsi, memarlıq fəaliyyətində daha peşəkar yanaşmanın təmin edilməsi, paytaxtda inşa olunan binaların memarlıq həllərində milli memarlıq ənənələrindən ilhamlanaraq eyni zamanda müasir memarlıq prinsipləri və tendesiyalarına cavab verərək yerləşdiyi ərazilərdə formalaşmış şəhərsalma mühitinə uyğunlaşdırılması, layihələndirmə işlərində müasir texnologiyaların tətbiqini təşviq etməkdir.
Tədbiri giriş sözü ilə açan Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, son illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə həyata keçirilən kompleks işlər nəticəsində Bakı bu gün dünyanın ən gözəl şəhərləri sırasında yer almaqdadır. Paytaxt yalnız inkişaf etməyib, həm də keyfiyyətcə yeni müstəviyə yüksəlib. Şəhər üzrə hər keçən gün mənzil fondu artır və bunu nəzərə alaraq yeni tikililərdə milli memarlıq ənənələri, mövcud harmoniya qorunub saxlanılmalı, tikinti normalarına uyğun infrastruktur qurulması, parkinqlər, həyətlərdə istirahət guşələrinin yaradılması nəzarətdə saxlanılmalıdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış edərək respublika ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda dövlət başçısının göstərişlərinə əsasən aparılan genişmiqyaslı quruculuq işlərindən söz açdı, işğaldan azad edilmiş ərazilərdə müxtəlif istiqamətli şəhərsalma və infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayaraq, hazırlanan layihələrdə bu ərazinin coğrafi quruluşu, milli-memarlıq ənənələri və normativ tələblərin gözlənilməsinə xüsusi diqqət ayrıldığını qeyd etdi, bu proseslərdə məhz memarların böyük rol oynadığını vurğuladı.
Komitə sədri Azərbaycan Respublikası Prezidentinin şəhərsalma və tikinti sektorunun inkişafına ayırdığı xüsusi diqqət sayəsində son dövrdə bu sahədə köklü islahatların aparıldığını, bunun nəticəsi olaraq ölkədə memarlıq fəaliyyətinin və şəhərsalma proseslərinin planlı və sistemli şəkildə həyata keçirildiyini, aparıcı dünya standartlarının və müasir texnologiyaların tətbiqi istiqamətində əhəmiyyətli irəliləyişə nail olunduğunu bildirdi. Həmçinin Komitə tərəfindən bu fəaliyyətə ən yaxşı yerli və beynəlxalq təcrübəyə malik mütəxəssislərin cəlb edilməsi məqsədilə memarlıq müsabiqələrinin təşkilini prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırdı.
Anar Quliyev layihələndirmə və tikinti işlərində son illər ərzində rast gəlinən nöqsan və problemlərdən danışdı, onların həlli yollarına diqqət çəkdi. Həmçinin qeyd olundu ki, planlaşdırılan, layihələndirilən və inşa edilən bütün komplekslərdə, bina və qurğularda dünya miqyasında istifadə edilən mütərəqqi yanaşmaların öyrənilərək tətbiqi, vətəndaşlarımızın rahatlığını, təhlükəsizliyini və rifahını təmin edəcək dayanıqlı və davamlı şəhərsalma mühitinin formalaşdırılması başlıca vəzifələrdəndir.
Tədbirdə çıxış edən Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə memarlığın günümüzdəki önəmi və bu sənətin özəlliyindən danışdı. Gənc memarların ixtisaslaşması məsələsi və layihələndirmə işlərində peşəkar mütəxəssislərin çalışdığı şirkətlərə üstünlük verilməsinin vacibliyini qeyd etdi.
Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov mövzu ətrafında geniş məruzə ilə çıxış etdi. Tədbir iştirakçılarına şəhərdəki tiklilər, o cümlədən şəhərsalma və tikinti layihələrinin hazırlanması zamanı əvvəlki illərdə rast gəlinən çatışmazlıqlar, layihələrin keyfiyyətinin artırılması üçün Komitə tərəfindən aparılmış təhlillərin nəticələri və görülməli işlər haqqında ətraflı məlumat verdi, təqdimat nümayiş olundu. Tədbir çərçivəsində layihələndirmədə müasir texnologiyaların tədbiqinin önəmi vurğulandı, bir sıra Azərbaycan şirkətlərinin yeni texnologiyaların mənimsənilməsində əhəmiyyətli addımlar atdıqları, bununla da inşaat obyektlərinin layihələndirilməsi və tikintisinin səmərəlilliyi, keyfiyyətinin artırılmasına nail olunduğu qeyd edildi.
Bəzi tikinti layihələrində rast gəlinən çatışmazlıqlar və nöqsanlar, layihə təkliflərində istifadə olunan üslubların şəhərin memarlıq görünüşünə xələl gətirməməsi ilə bağlı, habelə layihələrin keyfiyyətinin yüksəldilməsinə dair Komitə tərəfindən layihələndirmə təşkilatlarına müvafiq tövsiyyələr verildi.
Daha sonra tədbirdə iştirak edən layihə şirkətlərinin nümayəndələri və memarlar arasında ətraflı fikir mübadiləsi aparıldı, onları maraqlandıran suallar qurumların rəhbərləri tərəfindən cavablandırıldı, səsləndirdikləri təkliflər qeydə alındı.