Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Avropa İttifaqının ekspert missiyası çərçivəsində şəhərsalma üzrə seminar keçirildi
13-14 fevral tarixlərində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi (“TAIEX”) aləti çərçivəsində Bakıda səfərdə olan ekspert missiyasının iştirakı ilə seminar təşkil olunmuşdur.
Komitə tərəfindən təşkil edilmiş iki günlük seminar çərçivəsində missiyanın üzvləri – Avstriya və Litvanın aidiyyəti dövlət qurumlarını təmsil edən ekspertlər Volfqanq Katzman və Vilmantas Povilaitis Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq struktur bölmələrinin əməkdaşlarını şəhərsalma fəaliyyətinin tənzimlənməsi strategiyaları barədə Avropa ölkələrinin geniş təcrübəsi və bu sahədə praktiki biliklərlə tanış etdilər. Tədbir zamanı Avropa İttifaqının ərazi planlaşdırılması və şəhərsalma sənədləşməsi sistemi sahəsində qanunvericiliyi və mövcud standartlara dair təcrübə, həmçinin Avstriya və Litva ölkələrində daşınmaz əmlak obyektlərinin mülkiyyət növü və istifadəsi ilə bağlı məlumatların səmərəli toplanılması və saxlanılması barədə təqdimatlar edildi, geniş fikir mübadiləsi aparıldı.
Bununla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov tədbir iştirakçılarını və xarici ekspertləri ölkəmizdə şəhərsalma siyasətinin tənzimlənməsi strategiyalarına dair mövcud vəziyyət və Azərbaycanda müvafiq qanunvericilik bazası haqqında məlumatlarla tanış etdi.
__________
“TAIEX” – Avropa Komissiyasının Genişlənmə üzrə Baş Direktorluğunun Texniki Yardım və İnformasiya Mübadiləsi mexanizmidir. Bu yardım aləti vasitəsilə ölkələrə milli qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və həyata keçirilməsi sahəsində qısamüddətli texniki dəstək və tövsiyələr verilir. Yardım çərçivəsində Avropa İttifaqının üzv ölkələrinin dövlət qurumlarının ekspertləri tərəfdaş ölkələrdəki həmkarlarına müvafiq məsələlərdə ən yaxşı təcrübə ilə bölüşmək imkanlar yaradır.
Bütün xəbərlər