Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında
ƏSASNAMƏ
I. ÜMUMİ MÜDDƏALAR
1.Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2.Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarmı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
3.Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4.Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5.Komitənin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
6.Komitə Bakı şəhərində yerləşir.
7.Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1.müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
7.1-1.ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirir;
7.2.müvafiq sahənin inkişafını təmin edir;
7.2-1.müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;
7.3.şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını və müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin edir;
7.4.respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılmasını təmin edir;
7.5.bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirir;
7.6.qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
8.Komitə bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1.müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;
8.2.dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək;
8.3.Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;
8.4. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;
8.5.Azərbaycan Respublikası əhalisinin məskunlaşmasının, təbiətdən istifadənin və istehsal qüvvələrinin ərazi təşkilinin Baş sxeminin və regional sxemlərinin, rayon planlaşdırmasının sxem və layihələrinin, şəhər və digər yaşayış məntəqələrinin baş planlarının və müfəssəl planlaşdırma layihələrinin, yaşayış məskənlərinin hüdudları layihələrinin, sənaye qovşaqlarının, sanatoriya-kurort, istirahət və turizm komplekslərinin baş sxemləri və layihələrinin, yaşayış məskənlərinin mühəndis-kommunikasiya xətlərinin sxem və layihələrinin və onlarda müvafiq dəyişiklik nəzərdə tutan layihələrin hazırlanmasını, onların keyfiyyətinin, texniki və iqtisadi həlli səviyyəsinin yüksəldilməsini təmin etmək;
8.6.milli və tarixi irsin, şəhərsalma, memarlıq abidələrinin, təbii-mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanılması, mühafizəsi və zənginləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birlikdə tədbirlər görmək;
8.7.müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhər və rayonlarda aparılan abadlıq işlərində, yeni inşa olunan obyektlərdə estetik gözəlliyi, müasirliyi, milli memarlıq üslubunu təmin etmək;
8.8.müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olması nəzərə alınmaqla, onların inkişaf istiqamətlərini və memarlıq-planlaşdırma strukturlarını müəyyən etmək;
8.11.qanunvericiliyə uyğun olaraq, müvafiq qaydada dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində yaşayış məntəqələrinin Baş plan, müfəssəl planlaşdırma, layihə və elmi tədqiqat işlərini yerinə yetirmək, müvafiq sahə üzrə məqsədli və elmi-texniki proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
8.12.müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə məskunlaşma ərazilərinin və sistemlərinin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlərin hazırlanmasında iştirak etmək;
8.13.tikilməkdə və istismarda olan bina və qurğularda qəza vəziyyəti yarandığı hallarda müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə onun səbəblərinin araşdırılması və bərpa işləri üçün tədbirlərin hazırlanmasında iştirak etmək;
8.13-1.tikintisinə icazə verilən binaların memarlıq planlaşdırma bölmələrində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması üçün tədbirlər görmək;
8.14.qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək;
8.15.əhalinin müvafiq sahədə hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
8.16.respublika səviyyəsində şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılmasını təşkil etmək və bütövlükdə dövlət şəhərsalma kadastrı fondunu yaratmaq və aparmaq;
8.17.respublika səviyyəsində dövlət şəhərsalma kadastrını yaratmaq və aparmaq;
8.18.dövlət şəhərsalma kadastrının Azərbaycan Respublikasının vahid dövlət kadastrı sisteminə inteqrasiyasını təmin etmək;
8.18-1.respublika üzrə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemini təşkil etmək və onun işini təmin etmək;
8.19.şəhərsalma sahəsində infrastrukturun yaradılmasında və inkişafında iştirak etmək;
8.20.yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin və digər yaşayış məskənlərinin kompleks inkişafı məqsədilə onların mühəndis təminatı, nəqliyyat və kommunikasiya infrastrukturunun (qurğuların və şəbəkələrin) yaradılmasında iştirak etmək;
8.20-1.müəyyən edilmiş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı sənədi təsdiq etmək;
8.20-2.yaşayış məntəqələri ərazilərinin və ya onların ərazi hissələrinin müfəssəl planlarını təsdiq etmək;
8.20-3.Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək;
8.20-4.strukturuna daxil olan qurum vasitəsilə və ya bilavasitə tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy vermək;
8.20-5.tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək;
8.20-6.müəyyən edilmiş ərazilərdə səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasının müvafiq ərazinin memarlıq üslubuna uyğunluğunun yoxlanılmasını təşkil etmək;
8.21.müvafiq sahədə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarına metodiki kömək göstərmək;
8.22.müvafiq sahənin inkişafını kompleks təhlil etmək və onun davamlı inkişafını təmin etmək üçün təkliflər hazırlamaq;
8.23.Komitənin ehtiyacları üçün işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi, mal və materialların alınması, həmçinin müvafiq sahədə dövlət ehtiyaclarının ödənilməsi üçün layihə və elmi tədqiqat işlərinin aparılması məqsədilə nəzərdə tutulmuş vəsaitlər dairəsində qanunvericiliklə müəyyən olunmuş qaydada müsabiqələr keçirmək və müqavilələr bağlamaq;
8.24.müvafiq sahədə layihələndirilmə prosesində müəssisə və təşkilatlar arasında baş verən fikir ayrılığını araşdırmaq və müvafiq qərar qəbul etmək;
8.25.qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək və bu məqsədlə müvafiq sərgi, seminar və konfranslar keçirmək;
8.26.müvafiq sahədə Komitəyə ayrılan büdcə vəsaiti, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
8.27.dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
8.28.öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;
8.28-1.müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
8.29.Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;
8.30.Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
8.31.fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
9.Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1.müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
9.2.müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
9.3.yerli icra hakimiyyətləri orqanlarının memarlıq və şəhərsalma xidmətlərinin Əsasnamələrini müəyyən olunmuş qaydada təsdiq etmək və baş memarların, habelə digər memarların təyin olunmasına razılıq vermək;
9.4.layihə-planlaşdırma işləri üçün şəhərsalma sənədlərində (Baş planlar, rayon və məhəllə planlaşdırılması, müfəssəl planlaşdırma layihələri və sair) nəzərdə tutulan layihə həllərinin həyata keçirilməsində onların şəhərsalma normalarına uyğunluğunu təmin etmək və bu barədə rəy vermək, unikal bina və qurğuların bütün memarlıq-planlaşdırma həllərinin razılaşdırılmasını həyata keçirmək;
9.4-1.yaşıllıqların bərpası üçün ərazilərin ayrılmasına rəy vermək;
9.5.şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi zamanı baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində dəyişikliklər edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə qanunvericiliklə müəyyən edilmiş qaydada rəy vermək;
9.6.müvafiq sahənin inkişafı ilə bağlı hazırlanmış normativ hüquqi aktların layihələrinə rəy vermək;
9.7.fəaliyyət istiqamətlərinə uyğun digər rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi tədqiqat işləri aparmaq və müvafiq təkliflər vermək;
9.8.şəhərsalma ilə bağlı qanunvericiliyin pozulması halları aşkar edildikdə, tədbirlər görmək;
9.9.qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
9.10.zəruri məlumatların əldə edilməsi üçün müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və sorğuda qeyd olunan məlumatları (sənədləri) almaq;
9.12.müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
9.13.müvafiq sahənin elmi-texniki informasiya təminatını yaxşılaşdırmaq üçün bu məqsədlə nəzərdə tutulmuş vəsaitlər dairəsində qanunvericiliklə müəyyən edilmiş qaydada normativ sənədlər bazası, informasiya şəbəkəsi, yaratmaq, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq və onlardan istifadə etmək;
9.14.müvafiq sahə üzrə normativ sənədləri bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər həcmində nəşr etdirmək;
9.15.müvafiq sahədə norma, qayda və standartların tətbiqi ilə bağlı məsləhət və şərhlər vermək;
9.16.tabeliyində olan qurumların fəaliyyətlərini təhlil və müzakirə etmək və müvafiq qaydada aidiyyəti üzrə qərarlar qəbul etmək;
9.17.fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
10.Komitənin aparatı və onun strukturuna daxil olan təşkilatlar Komitənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Naxçıvan Muxtar Respublikasının şəhərsalma və arxitektura sahələrinə cavabdeh olan müvafiq icra hakimiyyəti orqanı da Komitənin sisteminə daxildir.
11.Komitənin strukturu və aparatının işçilərinin say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
12.Komitənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
13.Komitə sədrinin birinci müavini və üç müavini vardır. Komitə sədrinin müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Komitə sədrinin müavinləri sədrin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
14.Komitənin sədri:
14.1.Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2.Komitənin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) və Şəhərsalma Şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 17-1-ci bəndində Komitənin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;
14.2-1.Komitənin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini təsdiq edilmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edir;
14.3.müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin aparatının, tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
14.4.Komitənin aparatının işçilərini və tabeliyində olan qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
14.5.əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Komitədə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
14.6.Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
14.7.Komitəni təmsil edir.
15.Komitədə Komitənin sədrindən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının şəhərsalma və arxitektura sahələrinə cavabdeh olan müvafiq icra hakimiyyəti orqanının rəhbərindən və Komitənin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Komitənin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
16.Komitənin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
17.Komitənin kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
17-1.Komitənin kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
17-1.1.Komitə ilə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;
17-1.2.qəbul edilməsini Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin Komitəyə tapşırdığı konkret normativ hüquqi aktlar;
17-1.3.bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;
17-1.4.qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;
17-1.5.Komitə sədrinin təşəbbüsü ilə Komitənin kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;
17-1.6.bu Əsasnamənin 17-1.1 – 17-1.5-ci yarımbəndlərinə uyğun olaraq Komitənin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi.
18.Komitənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
20.Komitənin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandıqda, Komitənin rəhbəri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Komitənin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdırmaq hüquqları vardır.
21.Komitənin kollegiyasının iclaslarına, zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilirlər.
22.Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi, həmçinin Baş plan, rayon və müfəssəl planlaşdırma layihələrinin, unikal bina və qurğuların memarlıq layihə həllərinin, normativ sənədlərin layihələrinin müzakirə və təhlil edilməsi üçün Komitədə ictimai əsaslarla fəaliyyət göstərən Şəhərsalma Şurası yaradıla bilər. Şuranın tərkibi Komitənin sədri tərəfindən təsdiq edilir.