Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Son aylar Azərbaycanda şəhərsalma sahəsində irimiqyaslı islahatlar həyata keçirilir. Paytaxt Bakı özünün Baş planını əldə etməyə hərzamankından daha yaxındır, bu sənəd şəhərin yaxın onilliklər ərzində əsas inkişaf prinsiplərini müəyyən edəcək. Eyni zamanda, qanunsuz tikintilərə qarşı mübarizə üçün də fəal tədbirlər həyata keçirilir, hansı ki, bu mübarizə artıq bəzi əliəyri biznesmenlər arasında narazılıq yaradıb. Bakının Baş planı nə zaman tam hazır olacaq? Dövlət orqanları şəhərsalmada yol verilən pozuntuları aradan qaldırmaq üçün hansı addımlar atır? Bu və digər suallara Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri Anar Quliyev cavab verir:

-Prezident İlham Əliyev son çıxışlarında şəhərsalma sahəsindəki vəziyyətə xüsusi diqqət yetirib. Hazırda bu sahədə hansı islahatlar həyata keçirilir?

-Şəhərsalma fəaliyyətinin təşkil olunması məsələləri daim Azərbaycan Respublikası Prezidentinin diqqət mərkəzindədir. Ölkə başçısı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qarşısında birinci dərəcəli vəzifə qoyub – bu proseslərin sistemli şəkildə və şəhərsalma qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək. Şəhərsalma fəaliyyətinin davam etməkdə olan sistemləşdirilməsi həm planlama və layihə sənədlərinin hazırlanması mərhələsində, həm də inşaatın aparılmasında bütün proses iştirakçılarının maraqlarına xidmət edir.

Bu sahədə sistemli yanaşmanı beynəlxalq təşkilatlar da qeyd edir. Belə ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatına əsasən Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasına daxildir, 190 ölkə arasında 25-ci yeri tutur və MDB ölkələri arasında liderlik edir. Hesabatda o da qeyd olunur ki, Azərbaycan “Tikintiyə icazə alınması” indikatoru üzrə 100 pillə irəliləyib.

Lakin, biz əldə olunan nailiyyətlərlə kifayətlənmirik, bu yaxınlarda dövlət ekspertizasının aparılmasına ehtiyacı olmayan obyektlərin tikintisinə icazə alınması proseduru da sadələşdirilib. Komitə ASAN ilə birlikdə sənədlərin və ərizələrin qəbulunun elektron sistemini işləyib hazırlayıb. Tikintiyə icazənin alınması elektron formatda “vahid pəncərə” prinsipi üzrə təşkil edilib. Hazırda ərizələrin elektron qəbulu sistemi sınaqdan keçirilir və yaxın günlərdə istifadəçilərin ixtiyarına veriləcək. Bundan sonra tikinti şirkətləri müraciətlərini və tələb olunan sənədləri elektron formada göndərə biləcək, 15 gün ərzində tikintiyə icazə almaq mümkün olacaq. Tikinti işlərinin yekunlaşmasından sonra obyektin istismarına icazə isə 10 gündən gec olmayaraq veriləcək.

Bununla yanaşı, dövlət ekspertizasının aparılması tələb edilən obyektlərin tikintisinə icazənin alınması üçün yeni elektron sistemin hazırlanması işinin 2019-cu ilin sonunadək başa çatdırılması planlaşdırılır. Bütün bunlar məmurların icazələrin alınması prosesində iştirakını, habelə sahibkarların sərf edəcəyi vaxtı və xərclərini əhəmiyyətli dərəcədə azaldacaq, tikinti sahəsinin inkişafını stimullaşdıracaq.

-Son vaxtlar çox danışılır ki, uzun illərdən sonra nəhayət, Bakının yeni Baş planı olacaq. Dövlət Komitəsi tərəfindən bu istiqamətdə hansı işlər aparılır? Ölkənin başqa şəhərlərinin baş planlarının hazırlanması ilə bağlı işlər nə yerdədir?

https://i.virtualaz.org/272143_src.jpg

-Bu prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin baş planının ən yaxşı qlobal təcrübə əsasında işlənib hazırlanması üçün tərəfimizdən nüfuzlu konsaltinq şirkəti cəlb edilib. İşlərin birinci mərhələsi artıq uğurla başa çatdırılıb. Ötən dövr ərzində Abşeron yarımadasının inkişafına dair əvvəlki illərdə hazırlanmış ərazi planlaşdırılması sənədləri təhlil olunaraq dəyərləndirilib. Eyni zamanda, beynəlxalq təcrübəyə və bu sahədəki müasir tendensiyalara əsaslanaraq Bakı şəhərinin gələcək inkişafının konsepsiyası və Baş planın hazırlanması üçün qarşıda duran işlərin əsas prioritetləri müəyyən edilib.

Birinci mərhələdə görülən işlərin əsasında beynəlxalq şəhərsalma şirkətinin seçilməsi üçün layihə tapşırığı hazırlanıb və açıq tender elan edilib. Hazırda tender komissiyası tərəfindən müraciətlərin və təkliflərin qəbulu davam edir. Artıq 10-dan çox iri şirkət bu müsabiqədə iştirak etmək arzusunu bildirib. Ehtimal edirik ki, tenderin qalibi mart ayında elan ediləcək. Bundan sonra Bakının Baş planının hazırlanması üzrə işlərin ikinci mərhələsini başlamaq nəzərdə tutulur.

Ölkənin digər şəhərlərinin baş planlarına gəldikdə isə, ötən il Sumqayıtın baş planı təsdiqlənib, Tovuz və Qubanın baş planlarının layihələndirilməsi başa çatdırılıb. Həmçinin, Biləsuvarın baş planının hazırlanması başa çatmaq üzrədir. Bununla yanaşı 2018-ci ilin sonunda daha altı şəhərin – Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmirin baş planlarının hazırlanmasına start verilib.

- Çıxışlarının birində dövlət başçısı məmurları şəhərsalma normalarının pozulması, eyni zamanda Bakıda binaların qanunsuz tikintisinə görə xüsusilə tənqid etmişdi. Dövlət Komitəsi bu istiqamətdə hansı tədbirləri görür?

- Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsidir. Bu sahədə iş iki yolla aparılır:

        1) razılaşdırılmaq və təsdiq edilmək üçün Komitəyə təqdim olunan, yaxud da vətəndaşların şikayətləri və müraciətləri əsasında memarlıq-planlaşdırma həlləri və tikinti layihələri təhlil edilir;

        2) yerli səviyyədə dövlət şəhərsalma nəzarətinə məsul yerli icra hakimiyyəti orqanlarında planlı yoxlamalar aparılır.

Qeyd etməliyəm ki, ictimai ərazilərdə, ələlxüsus çoxdan formalaşmış yaşayış massivlərinin həyətlərində aparılan qanunsuz tikinti işləri ilə bağlı xeyli şikayət alırıq. Bəzən vətəndaşlar həm də sökülən evlərin mülkiyyətçilərinə və ya tikinti meydançalarının yaxınlığında yerləşən evlərin sakinlərinə qarşı tikinti şirkətlərinin qanunazidd hərəkətləri haqqında məsələ qaldırırlar.

İnşaatçıların bu cür hərəkətləri yolverilməzdir və şübhəsiz ki, bunun qarşısı alınmalıdır, alınır da. Biz daxil olan hər bir müraciəti diqqətlə araşdırır və bir sıra hallarda ətraflı məlumatın verilməsi, yaxud qanunun tələblərinin pozulması faktlarının aradan qaldırılması üçün tədbirlərin görülməsi məqsədilə müvafiq yerli icra hakimiyyəti orqanlarına göndəririk.

https://i.virtualaz.org/272144_src.jpg

Bəzi hallarda müvafiq şəhərsalma sənədləri təhlil edilərkən qanunsuz, başqa sözlə müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmadan aparılan tikinti faktları aşkar edilir. Belə faktlar müəyyənləşdirildikdə tikintinin dayandırılması və zəruri tədbirlərin görülməsi üçün onlar barədə ətraflı məlumat Fövqəladə Hallar Nazirliyinə göndərilir. Cinayət əlamətləri aşkar edilərsə, qeydə alınmış qanun pozuntuları ilə bağlı məlumat araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına göndərilir.

Qanunsuz tikintinin qarşısının alınması kompleks yanaşma və bir çox dövlət qurumlarının səylərinin birləşdirilməsini tələb edir. Komitənin rəhbərliyi bu sahədə effektiv əməkdaşlığın qurulmasına xüsusi diqqət yetirir. Onu da vurğulamaq istəyirəm ki, bizim əsas vəzifəmiz – şəhərlərimizin formalaşmış memarlıq görkəmini qorumaq və eyni zamanda bütün vətəndaşların rahat yaşayışı üçün şəhərlərin planlı və dayanıqlı inkişafını təmin etməkdir.

- Bununla belə, görünür, qanunsuz tikintinin qarşısının alınması üzrə aparılan geniş işlər heç də hamının ürəyincə deyil. Bir neçə gün öncə ictimaiyyət deputat Fəzail Ağamalının Milli Məclisin iclasında Komitənin bu istiqamətdə fəaliyyətinin, onun fikrincə, neqativ nəticələri ilə bağlı səsləndirdiyi bəyanatların şahidi oldu.

- Açığını desək, biz respublikanın qanunverici orqanı nümayəndəsinin bu dərəcədə əsassız, səs-küylü bəyanatına təəccübləndik. Komitə tərəfindən keçən il ərzində tikintilərin dayandırılması nəticəsində 50 min nəfərin işsiz qalması ilə bağlı millət vəkilinin səsləndirdiyi iddialar nəinki həqiqətə uyğun deyil, bu həm də aidiyyəti dövlət orqanları tərəfindən tərtib olunan statistik hesabatlarla tam ziddiyyət təşkil edir.  

2018-ci ilin yekunlarına görə tərtib olunan rəsmi statistika və vergi orqanlarının məlumatları tikinti sektorunda məşğul olanların sayının əvvəlki illə müqayisədə 4-5% artdığını göstərir. Bununla yanaşı, il ərzində tikilən və istismara verilən yaşayış binalarının ümumi sahəsi əvvəlki ilə nisbətən 3,3 faiz artıb.

Daha əvvəl qeyd etdiyim kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi digər mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə qanunsuz tikintilərin qarşısının alınmasına yönəlmiş tədbirləri davam etdirir və gələcəkdə də davam etdirəcək.

- Bağışlayın ki, sözünüzü kəsirəm, amma görüşümüzdən bir az əvvəl mən Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin ilk yarımilliyinin nəticələrinə həsr edilmiş iclasındakı nitqini təkrar oxuyurdum, harada ki, o, birmənalı bildirib: "Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır. Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar."

- Bəli, haqlısınız və ötən müddət ərzində Azərbaycan hökuməti bu istiqamətdə çox işlər görüb. Çox vaxt keçməsə də, artıq qanunsuz və şəhərsalma normalarının tələblərinə cavab verməyən tikintilərlə mübarizənin konkret nəticələri var. Sevindirici hal odur ki, Komitəyə daxil olan şəhərsalma və memarlıq layihələrinin sistemli şəkildə təhlili, eləcə də, mütəxəssislərimizin bu layihələri sifariş edən iş adamları ilə apardığı izahat işləri nəticəsində müsbət dəyişiklikləri müşahidə etməyə başlamışıq. Komitəyə təqdim edilən layihələrin keyfiyyəti həm şəhərsalma normaları, həm də təklif olunan memarlıq həlləri baxımından əhəmiyyətli dərəcədə yüksəlməyə başlayıb.

Məlum məsələdir ki, paytaxtımız üçün olduqca vacib bir məsələ olan şəhərsalma sahəsində qayda-qanunun yaradılması heç də hamının, xüsusilə qanunsuz tikinti ilə məşğul olan bəzi işbazların xoşuna gəlmir. Ola bilsin ki, deputat tərəfindən səsləndirilən və həqiqətə uyğun olmayan rəqəmlərin mənbəyi, qanunsuz tikinti fəaliyyəti müvafiq nəzarətedici dövlət qurumları tərəfindən məhdudlaşdırılmış şəxslərdir.

Əlbəttə, Azərbaycan demokratik ölkədir və hər bir insan öz şəxsi fikrini açıq ifadə etmək hüququna malikdir. Bununla belə, biz ictimai xadimləri əsassız, heç bir faktla təsdiqlənməyən çıxışlardan çəkinməyə, bu və ya digər məsələ barədə fikir bildirərkən rəsmi mənbələr tərəfindən təsdiqlənmiş etibarlı məlumatlara əsaslanmağa çağırırıq.

Öz növbəmdə, fürsətdən istifadə edərək, ölkə vətəndaşlarını bir daha əmin etmək istəyirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalmanın planlaşdırılması sisteminin təkmilləşdirilməsi üzrə işi davam etdirəcək və fəaliyyəti barədə ictimaiyyətə zəruri məlumatların mütəmadi olaraq təqdim olunmasını təmin edəcəkdir.