Dəyərli mətbuat işçiləri! Hörmətli qələm sahibləri! Sizi “Milli Mətbuat günü” münasibətilə təbrik edirik!
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivi adından Sizi “Milli Mətbuat günü” münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizin inkişafı naminə şərəfli və məsuliyyətli işinizdə hər birinizə böyük uğurlar arzulayıram.
Əsası dövrünün dahi mütəfəkkiri Həsən bəy Zərdabi tərəfindən qoyulan, Azərbaycanın ilk mətbu nümunəsi olan “Əkinçi” qəzetinin yaranmasından 145 il ötür. Qəzetin ilk nəşri 1875-ci ilin bu günündə işıq üzü görmüşdür. Cəmi 56 nömrəsi çapdan çıxmış “Əkinçi” qəzeti özündən sonra böyük miras qoymuş, bir-birinin ardınca milli-demokratik ruhlu qəzet və jurnalların nəşrinə təkan vermişdir.
Azərbaycan mətbuatı zəngin və mənalı inkişaf yolu keçib. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış mətbuat xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verib. Ümummilli Lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanına əsasən senzuranın ləğv edilməsi ilə milli mətbuatımızın inkişafında yeni mərhələnin əsası qoyuldu. Hazırda ölkədə azad medianın fəaliyyətinə və inkişafına yönələn bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kütləvi informasiya vasitələrinə birdəfəlik yardımların edilməsi, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün yaşayış evlərinin tikilib istifadəyə verilməsi bu sahəyə göstərilən xüsusi qayğının bariz nümunəsidir. Bu gün ölkəmizdə yüzlərlə müxtəlif kütləvi informasiya vasitəsi – qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri fəaliyyət göstərir. Bu gün Azərbaycanda böyük bir jurnalist ordusu yetişib.
Jurnalist peşəsi yalnız dərin bilik deyil, həm də xüsusi istedad tələb edən çox vacib, maraqlı və mürəkkəb bir peşədir. Jurnalist olmaq həm də qərəzsiz məlumat bələdçisi olmaq deməkdir. Hadisələrin sürətlə cərəyan etdiyi müasir dövrdə insanlar üçün məlumat dənizində bələdçi olmaq isə çox çətindir. Buna nail olmaq istəyən qələm sahibinin öz dəsti-xətti, hadisələrə obyektiv baxışı, ən əsası isə vətəndaş mövqeyi olmalıdır. Bunun öhdəsindən yalnız peşələrinə sədaqət nümayiş etdirən, bütün çətin anlarda hər zaman öndə olmağı bacaran, yorulmadan çalışaraq cəmiyyətimizi dürüst məlumatlarla təmin edən peşəkar jurnalistlər gələ bilər. Dünyanın müxtəlif yerlərində mətbuatın fəaliyyəti fərqli olsa da, onun əsas prinsipi eynidir – cəmiyyəti dürüst informasiya ilə təmin etmək. Bu gün peşə bayramlarını iş başında qeyd edən yüzlərlə jurnalist həm ölkə ictimaiyyətini informasiya ilə təmin edir, həm də vətəndaş mövqeyi sərgiləyərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması missiyasını yerinə yetirir.
Sizi peşə bayramınız münasibətilə bir daha ürəkdən təbrik edir, böyük fədakarlıq tələb edən məsuliyyətli və son dərəcə şərəfli fəaliyyətinizdə tükənməz enerji və müvəffəqiyyətlər arzu edirəm.
Hörmətlə,
Anar Quliyev
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri