Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Abşeronun qəsəbələrinin memarlıq siması” müsabiqə proqr...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Abşeronun qəsəbələrinin memarlıq siması” müsabiqə proqramının ikinci mərhələsinə start verir
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Abşeronun qəsəbələrinin memarlıq siması” müsabiqə proqramının ikinci mərhələsinə start verir

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Buzovna qəsəbəsinin memarlıq planlaşdırma həlləri üzrə müsabiqədə iştirak etməyə dəvət edir.

 

Müsabiqə proqramı  www.absheronsimasi.az  saytında təqdim edildi.

 

 

Azərbaycanın qədim yaşayış məskənlərindən olan, Şərqlə Qərb arasında bir körpü rolunu oynayan Abşeron yarımadası, yaşayışın mövcud olduğu zamandan misilsiz mədəniyyət nümunələri, tarixi abidələri ilə daim zəngin olmuşdur və bu gün də bu məkanda müxtəlif mədəniyyət və sivilizasiyaların izləri hələ də yaşamaqdadır.  Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb və son illər ölkəmizin bütün ərazisində olduğu kimi, burada da aparılan nəhəng abadlıq-quruculuq, bərpa və yenidənqurma işləri sayəsində yarımadanın görkəmi daha da gözəlləşir, yeni-yeni möhtəşəm və təkrarsız tikililər inşa olunur. Abşeronun milli incəsənət ruhunu yaşatmaq, yerli memarlıq məktəbinin üslubları və özünəməxsus rəng çalarları ilə yeni nəfəs vermək məqsədilə Komitə tərəfindən  “Abşeron qəsəbələrinin memarlıq siması” müsabiqəsi keçirilmişdir. Müsabiqə proqramının ilk mərhələsi Ramana, Pirşağı və Əmircan qəsəbələrini əhatə edib və iştirakçılarının təklifləri əsasında 16 aprel tarixində Pirşağı qəsəbəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yenidənqurma tədbirlərinə start verilmişdir. Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq.

Görülən işlərə təkan vermək, Abşeronun öz tarixliyini, qədimliyini və memarlığını qoruyaraq yenidən canlandırmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Memarlar İttifaqı və “Bakı Abadlıq Xidməti” MMC ilə birgə təşkil olunan memarlıq planlaşdırma həlləri üzrə “Abşeron qəsəbələrinin memarlıq siması” adlı müsabiqənin ikinci mərhələsinə start verir. Müsabiqə proqramı bu dəfə Abşeronun şimali şərqində yerləşən və qədim yaşayış məntəqələrindən biri olan Buzovna qəsəbəsini əhatə edəcək. Ümumi mükafat fondu 20 min manat olan müsabiqəyə təqdim olan layihələrdə Buzovna qəsəbəsində estetik görünüşünün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, orijinallıq və mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.

Müsabiqədə iştirak etmək istəyənlər 31 may 2021-ci il tarixinədək qeydiyyatdan keçməli, layihələr isə 28 iyun 2021-ci il saat 18:00-dan gec olmayaraq Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. Bununla yanaşı iştirakçılar tərəfindən 5 iyul 2021-ci il tarixindən gec olmadan təqdim olunan layihəni izah edən videotəqdimat da mail@abseronsimasi.az elektron ünvanına göndərilməlidir. Bildirək ki, layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər. Layihələr tam tərkibdə təqdim olunmalıdır. Müsabiqədə iştirak üçün hər hansı ödəniş tələb olunmur.

22 iyul 2021-ci il tarixində elan olunacaq nəticələrə əsasən münsiflər heyətinin seçdiyi 4 nəfər mükafatlandırılacaq. 1-ci yerin sahibinə 10000 manat mükafat və 1-ci dərəcəli diplom, 2-ci yerin sahibinə isə 5000 manat və 2-ci dərəcəli diplom veriləcək. 3-cü yerin sahibləri (iki yer) isə hər biri 2500 manat və 3-cü dərəcəli diplomla mükafatlandırılacaqlar. Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim ediləcək. Qeyd edək ki, seçilmiş layihə əsasında abadlıq işləri aparılacağı təqdirdə layihə müəllifi də prosesə cəlb olunacaq.

Layihədə maraqlı şəxslər qeydiyyatdan keçmək, habelə müsabiqə tapşırığı, iştirak şərtləri, qaydalar və digər detallarla tanış olmaq üçün bu məqsədlə xüsusi hazırlanmış “Abşeron qəsəbələrinin memarlıq siması” internet səhifəsini (www.absheronsimasi.az) ziyarət etməyə dəvət olunur.

Abşeron yarımadasının özünəməxsusluğunu yaşatmaq və tarixi-memarlıq ənənələrini qoruyaraq gələcək nəsillərə ötürmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən digər qəsəbələri də əhatə edəcək müsabiqə proqramlarının həyata keçirilməsi planlaşdırılır.



Bütün xəbərlər