Dövlət Şəhərsalma və Arxitektura Komitəsi media nümayəndələri üçün onlayn press-tur keçirib
KİV nümayəndələrinə “Bir pəncərə” elektron sisteminin yeni modulu təqdim edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən KİV nümayəndələrinə “Bir pəncərə” elektron müraciət sisteminə əlavə edilmiş yeni funksionallıqlarla tanışlıq məqsədi daşıyan onlayn press-tur keçirilib.
Təqdimatda qeyd olunub ki, 2019-cu ilin fevral ayından istifadəyə verilən “Bir pəncərə” elektron sistemi vasitəsilə ilk mərhələdə Bakı şəhəri üzrə ekspertizası tələb olunmayan inşaat obyektlərinin tikintisi və istismarına, həmin ilin noyabr ayından isə bütün ölkə üzrə icazələr əldə etmək mümkündür. 2020-ci ildən etibarən funksionallıq genişləndirilərək artıq ekspertizası tələb olunan tikinti obyektlərinin həm Bakı, həm də bölgələr üzrə istismara icazə modulları da istifadəyə verilib. Bununla da “Bir pəncərə” elektron müraciət sistemi əlverişli sahibkarlıq mühitinin yaradılmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, həmçinin daha sürətli və şəffaf icra mexanizmini özündə birləşdirərək dövlət xidmətlərindən yararlanan vətəndaşların məmnunluğunun artırılmasına nail olmuşdur. İstifadəçilər tərəfindən ilk gündən böyük rəğbətlə qarşılanan "Bir pəncərə” elektron müraciət sisteminin funksionallığı 2021-ci ildə daha da genişləndirilib və sistemin tərkibində yeni “məlumatlandırma icraatı” modulu yaradılıb.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Yeni istifadəyə verilmiş funksiya sayəsində Bakı şəhəri üzrə fərdi yaşayış evləri tikmək istəyən şəxslər artıq bu elektron portal vasitəsilə onlayn müraciət edə bilərlər. Yeni yaradılan modul sayəsində vətəndaşlar şəxsiyyət vəsiqələrinin FİN kodunu daxil etməklə sistemə qoşulduqdan sonra öz müraciətlərini aidiyyati qurumlara elektron qaydada göndərə bilərlər. Bu zaman müvafiq qanunvericilikdə nəzərdə tutulan sənədlərin yüklənilməsi tələb olunur.
Məlumatlandırma icraatı modulu pilot layihə olaraq Bakı şəhərində tətbiq olunub. Müraciətlərə Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq 10 gün müddətində baxılır və müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, müvafiq bildiriş vətəndaşın şəxsi kabinetinə göndərilir. Bildirişin etibarlılığını təmin etmək məqsədilə onun üzərində müvafiq tarix və nömrə ilə yanaşı, “QR kod”lar da olacaq. Bu “QR kod” vasitəsilə həm vətəndaş, həm də nəzarəti həyata keçirən qurum “Bir pəncərə” elektron portalın axtarış sistemində layihə barədə məlumatlarla tanış ola və müraciət üzrə təqdim olunmuş sənədlərə baxa bilər. Vətəndaş tikintini başa çatdırdıqdan sonra da sistem vasitəsilə müvafiq məlumatı yerli icra hakimiyyətinə göndərə bilər.
Press-tur çərçivəsində media nümayəndələrinə yeni modulun işləmə mexanizmi canlı nümayiş etdirilib, elektron sistemə dair suallar cavablandırılıb və səsləndirilən təkliflər dinlənərək qeydə alınıb.