Komitənin sədri Anar Quliyev inşaatçıları peşə bayramı münasibətilə təbrik etdi
Əziz İnşaatçılar!
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivi adından Sizi “İnşaatçılar Günü” münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, ölkəmizin tərəqqisi naminə şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u ölkəmizdə “İnşaatçılar Günü” peşə bayramı kimi qeyd olunur. Bu, ölkə rəhbərliyinin Azərbaycan inşaatçısına və bu peşə sahiblərinin əməyinə göstərdiyi xüsusi diqqət və qayğısının təzahürüdür.
Son illər ərzində ölkə ərazisində həyata keçirilən geniş həcmli tikinti-quruculuq işlərinin yerinə yetirilməsində inşaatçılar əsl peşəkarlıq və vətənpərvərlik nümayiş etdirərək, paytaxt Bakının və bölgələrimizin simasının dəyişdirilməsində həlledici rol oynamışlar. Sadəlik, əməksevərlik, yüksək peşəkarlıq, məsuliyyət kimi şəxsi keyfiyyətləri özündə birləşdirən inşaatçılar səylərini əsirgəməyərək maddi dəyərlər yaratmış və gələcək nəsillərə miras qoymuşlar. İnşaatçılarımızın gərgin əməyinin bəhrəsi olan müxtəlif təyinatlı binalarda ölkəmizin özünəməxsus tarixi siması ilə yanaşı, Azərbaycan memarlığının koloriti, zənginliyi və müasirlik elementləri öz əksini tapmış, dünya arxitekturası inciləri sırasında önəmli yer tutan mükəmməl tikinti layihələri reallaşdırılmışdır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun parlaq Qələbəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda – Doğma Qarabağımızda geniş bərpa-quruculuq işlərinə start verilib. Əminəm ki, düşmən əsarətindən qurtulmuş torpaqlarımızda aparılacaq yenidənqurma və abadlıq işlərində dəyərli inşaatçılarımız öz missiyasını layiqincə yerinə yetiricək, tarixi ərazilərimizə yeni nəfəs, yeni həyatın qayıtmasına öz töhfələrini verəcəklər. Ölkəmizin daha da müasirləşməsi yolunda gərgin fəaliyyət göstərən inşaatçılar geniş həcmli tikinti-quruculuq işlərinin yerinə yetirilməsində əsl fədakarlıq nümayiş etdirərək, düşmənin uzun illər viran qoyduğu bölgələrimizin və yaşayış məntəqələrimizin simasının bərpa olunaraq müasirləşdirilməsində həlledici rol oynayacaqlar. Əminəm ki, ölkə başçısının təşəbbüsü və dəstəyi ilə bu peşə sahiblərinin birlik simvoluna çevrilmiş İnşaatçılar Günü bu il xüsusi əhval-ruhiyyədə, “Böyük Qayıdış” devizi altında həyata keçiriləcək möhtəşəm yeni şəhərsalma layihələri ilə yadda qalacaq.
Sizi peşə bayramınız münasibətilə bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, gərgin əməyinizdə tükənməz enerji və yeni nailiyyətlər arzulayıram!
Anar Quliyev
Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri