Şəmkir və Gədəbəy şəhərlərinin Baş planlarının icra vəziyyəti müzakirə olundu, hər iki şəhər sakinləri Dövlət Komitəsinin sədri tərəfindən qəbul edildi
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Şəmkir və Gədəbəy rayonlarından olan sakinləri qəbul edib. Görüş 12 iyul 2023-cü il tarixində Şəmkir şəhərində baş tutub.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq Ulu Öndərin əziz xatirəsi hörmət və ehtiramla anılıb.
Qəbul zamanı vətəndaşların əsasən qeyri-yaşayış obyektlərinin layihələndirilməsi və tikintisinə dair normativlər, tikintiyə və istismara icazə icraatlarının prosedurları barədə sualları cavablandırılıb. Həmçinin, Komitənin fəaliyyət dairəsinə aid digər müraciətlər qeydiyyata alınıb, diqqətlə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.
Bununla yanaşı, Komitə sədri Şəmkir rayon İcra Hakimiyyətinin başçısı, habelə Gədəbəy rayon İcra Hakimiyyətinin müvafiq rəsmisi ilə görüşlər keçirib. Görüşlərdə hər iki rayon mərkəzinin Baş planlarının icra vəziyyəti, şəhər ərazilərinin yenidən qurulması və inkişafı ilə bağlı aktual mövzular, növbəti addımlar ətrafında geniş fikir mübadiləsi aparılıb, şəhərsalma fəaliyyətinin təşkili və bu sahədə dövlət nəzarəti məsələləri ilə bağlı çağırışlar müzakirə olunub.
Bütün xəbərlər