“Gənclər üçün şəhər mühiti” mövzusunda debat keçirilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Heydər Əliyev ili” çərçivəsində 2 fevral - Gənclər günü münasibəti ilə “Gənclər üçün şəhər mühiti” mövzusunda debat təşkil edib. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin dəstəyi ilə təşkil edilmiş tədbirin məqsədi gələcək şəhər mühitinin formalaşdırılması imkanlarının gənclərlə birlikdə müzakirə edilməsi, ortaq baxışların öyrənilməsidir.
Tədbirdə iştirakçılara müasir Azərbaycanın gənclər siyasətinin banisi Heydər Əliyevin gənc nəslə olan diqqət və qayğısından bəhs edilib. Bildirilib ki, ölkə rəhbərliyi tərəfindən bu siyasətin layiqli davamı nəticəsində gənclər cəmiyyətimizin inkişafında fəal iştirak edir, müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsində xüsusi rol oynayırlar. Bununla yanaşı, şəhərsalma sektorunun inkişafında gənclərin fikirlərinin vacibliyi önə çəkilib, düzgün planlaşdırma və layihələndirmə işləri ilə müasir şəhər mühitinin yaradılmasında onların iştirakının əhəmiyyəti vurğulanıb.
Tədbir çərçivəsində ali təhsil ocaqlarından seçilmiş tələbələr arasında debat keçirilib. Onlar komandalara bölünərək “Gənclər üçün şəhər mühiti” mövzusunda hazırladıqları təqdimatlarla çıxış ediblər. Aparılan müzakirələr zamanı gənclər şəhər mühitinin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi istiqamətində təkliflərini səsləndiriblər. Müasir şəhər sistemində "Ağıllı" konsepsiyaların tətbiqi, bərpa olunan enerjidən istifadə, ictimai nəqliyyatın üstünlüyü ilə daha mobil və ekoloji təmiz mühitin yaradılması kimi, habelə digər mühüm sosial məsələlərə diqqət yönəldiblər.
Sonda gənclərin təklifləri əsasında ümumiləşdirilmiş yanaşmalar tədbir iştirakçılarına təqdim edilib. Gənclər debatda iştirak etdiklərinə görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən birgə sertifikatlarla təltif olunublar.