Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

İctimai Şuranın növbəti iclası keçirilib
İctimai Şuranın növbəti iclası keçirilib

4 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
 
İclasın əvvəlində Komitənin son dövrdə fəaliyyəti, xüsusi olaraq Tikintiyə icazə zamanı binaların fasad həllərinin standartlaşdırılması istiqamətində görülən mühüm işlər və yeniliklər barədə ətraflı məlumat verilib. Şura üzvləri tərəfindən görülən tədbirlər yekdilliklə təqdirəlayiq hesab edilib.

 

Bununla yanaşı, iclasda Bakı şəhərində ictimai məkanların yaradılması və onların düzgün layihələndirilməsi məsələləri müzakirəyə çıxarılıb. Son zamanlar bu məsələnin şəhər sakinlərini ciddi narahat etdiyi nəzərə alınaraq, bu istiqamətdə mövcud problemlərin həlli yolları müzakirə edilib. Şura üzvləri sahəni tənzimləyən normativ bazanın təkmilləşdirilməsi, habelə müvafiq maarifləndirmə işlərinin aparılması və bu mövzunun geniş təbliğinin önəmliyini qeyd edərək öz tövsiyələrini veriblər. 

 

Şuranın iclasına həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi və Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri dəvət olunublar. Onların iştirakı ilə Bakı şəhərində abidə statusuna malik binaların mühafizəsi, qəzalı vəziyyətdə olan abidələrin bərpası məsələlərinə dair fikir mübadiləsi aparılıb, müvafiq təkliflər verilib.

 

Sonda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iclas iştirakçıları ilə görüşərək öz fikirlərini bölüşüb, önəmli məsələlərin məhz Komitə yanında yaradılmış İctimai Şura çərçivəsində müzakirə edilməsindən məmnun olduğunu söyləyib. O, eyni zamanda şəhərsalma və memarlıq sahələrində yeni mütəxəssislərin yetişdirilməsi prosesinə Komitənin göstərdiyi dəstəkdən məlumat verib, yüksək ixtisaslı kadrlar bazasının formalaşdırılması mexanizminin yaradılmasının vacibliyini xüsusi qeyd edib.
 
Qeyd edək ki, Şura Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin 5 iyul 2021-ci tarixli əmrinə əsasən yaradılıb və tərkibi həmin ilin sentyabr ayında keçirilən seçkilər nəticəsində formalaşdırılıb.



Bütün xəbərlər